Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı polis xüsusi əməliyyat keçirilib. DİN-nin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonunun Katex kəndində rayon sakini Akin Şabanov 315 qram marixuananı satarkən saxlanılıb.
Katex kəndində A.Şabanova narkotik vasitəni vermiş Hənifə kənd sakini Kamil Məmmədov iyulun 16-da saat 01 radələrində saxlanılarkən, o, idarə etdiyi “Nissan” markalı avtomobillə polis əməkdaşlarına məxsus xidməti avtomobilləri vurub qaçmağa cəhd göstərib. Bu zaman polis əməkdaşlarından biri xidməti silahdan atəş açaraq K.Məmmədovun idarə etdiyi avtomobilin arxa təkərini deşib.
K.Məmmədov saxlanılıb və idarə etdiyi avtomobilə baxış zamanı üzərindən 522 qram marixuana və elektron tərəzi aşkar edilərək götürülüb. Daha sonra Balakən rayon sakini Mətləb Yusifovun yaşadığı evə baxış zamanı 8,42 qram marixuana aşkar edilərək götürülüb.
Xəyalə Xanəziz