Daxili İşlər Nazirliyi (DİN) “Şaurma N1”in şəriki, “12-ci İmam” kimi təqdim edilən Aqil Babayevin bacısı Mətanət Babayevanın iddialarına cavab verib.
Gununsesi.info-un məlumatına görə, DİN-in Mətbuat xidmətindən bildirilib ki, A.Babayevə qarşı soyğunçuluq törədilməsi iddiası əsasında istintaq aparılmaması ilə bağlı deyilənlər həqiqətə uyğun deyil:
“Heç bir hüquqi addım atılmaması ilə bağlı iddialar həqiqəti əks etdirmir. Bütün xüsusatlar istintaqla araşdırılır”.
Hüquq-mühafizə orqanlarından saytımıza daxil olan məlumata görə, “99-VD-699” dövlət nömrə nişanlı “Hyundai Santafe” markalı avtomobilə istintaqın təqdimatı əsasında məhdudiyyət qoyulub.
Mətanət Babayeva Qafqazinfo-ya bildirmişdi ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müraciəti əsasında şəxsi avtomobilinə həbs qoyulub. O qeyd edib ki, üzərinə həbs qoyulan avtomobil şəxsi maşınıdır.
Qeyd edək ki, Aqil Babayev barəsində Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılıb. DİN Aqil Babayevin özünü “12-ci İmam Mehdi” kimi təqdim edərək insanlara qarşı dələduzluq etdiyini açıqlayıb. Sahibkar Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs olunub.
Gununsesi.info