DİN-dən Göyçayda ərə verilən 14 yaşlı qızla bağlı AÇIQLAMA: “Mərasimin qarşısı alınıb” -YENİLƏNİB

Daxili İşlər Nazirliyi Göyçay rayonunda sabah toyu planlaşdırılan 14 yaşlı qızla bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a bildirib ki, Göyçayda yeniyetmə qıza toy mərasimi keçirilməsi ilə bağlı məsələ dərhal nəzarətə götürülüb:

HTML tutorial

“Yeniyetmənin valideynləri polis şöbəsinə dəvət olunublar, izahatları alınıb və qanunvericiliyin tələbləri izah edilib. Onlar ifadələrində qızlarına nişan mərasimi keçirmək istədiklərini bildiriblər. Sabaha keçirilməsi nəzərdə tutulan həmin mərasimin qarşısı alınıb və rayon polis şöbəsinin təhqiqat bölməsində müvafiq araşdırmalar davam etdirilir”.

17:02

Göyçayda 14 yaşlı qızın ərə verildiyi və sabah toyu olacağı açıqlanıb. Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bu barədə məlumat verib. Dediyinə görə Çərəkə kənd sakini olan azyaşlı Ağsu kənd sakininə nişanlanıb.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Çərəkə kənd ərazi nümayəndəsi Tehran Adıgözəlov məlumatı təsdiqləyib və ərazi üzrə hüquq mühafizə orqanlarını bu barədə məlumatlandırdığını qeyd edib. Onun sözlərinə görə, yeniyetmə əslində 10-cu sinifdə təhsil almalıdır, ailəsi isə qızı məktəbdən çıxarıb. Həmçinin qızın nişanlandığı oğlanın Bakıda yaşadığını deyib.

Ərə verildiyi deyilən qızın anası Günəş Əzizova isə məlumatı inkar edib. Qızı barəsində yayılan məlumatlardan qəzəblənən ana, məlumatı ilk yayan barədə polisə şikayət edəcəyini də bildirib:

“Mən qanunları çox gözəl bilirəm. Başımı itirməmişəm ki, 14 yaşında qızımı ərə verim. Üstəlik, qızımın 14 deyil, 15 yaşı var və 10-cu sinifdə oxuyur. Məktəbdən də çıxarmamışam, təhsilini davam etdirir. Nişanlamamışam. Qızımın adına söz çıxarmayın. Hamınız barədə ölçü götürəcəyəm. Kimsə yalan informasiya yaymasın”, – deyə əlavə edib.

14:45

Göyçay rayonunda sabah toyu planlaşdırılan 14 yaşlı qızın valideynləri polis idarəsinə çağırılıblar.

Oxu.Az-ın məlumatına görə, artıq valideynlərin izahatı alınır.

Qeyd edək ki, 14 yaşlı qız ötən tədris ilinin sonunda məktəbdən çıxarılıb.

Hazırda araşdırmalar davam etdirilir.

13:47

Göyçay rayonunda 14 yaşlı qız ərə verilir.

Oxu.Az-ın məlumatına görə, bu barədə “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, qız Ağsu rayonundan olan şəxslə evləndirilir:

“Göyçay Rayon İcra Hakimiyyətinə məlumat üçün bildirirəm ki, Göyçay rayon Çərəkə kəndinin 14 yaşlı sakininin sabah toyudur. Ağsuya ərə verilir. Kəndin icra nümayəndəsi də artıq icarəyə qab-qaşıq verib”.

Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ nəzarətə götürülüb:

“Aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda rayon polis şöbəsində müvafiq araşdırmalar aparılır, araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”.

Gununsesi.info