DİN-dən həbsdəki jurnalistin mənzilinə müdaxilə ilə bağlı - AÇIQLAM

  • By admin
  • 17 Oktyabr 2016 15:38

Dİn

“Hadisə baş veribsə, kimliyindən asılı olmayaraq, hüquq-mühafizə orqanlarına müraciət edilməlidir. Onlar da öz növbəsində baş verən hadisəni araşdırcaqlar”.

Bu Gununsesi.info-ya  DİN  mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov  oktyabrın 16-da  gecə saatlarında naməlum şəxslərin hazırda həbsdə olan JAM.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun ailəsinin yaşadığı mənzilə daxil olmaq istəmələriylə bağlı xəbərə münasibət bildirərkən deyib.  E.Zahidov Fikrət Fərəməzoğlunun  həyat yoldaşı  Faiqə  İbişbəylinin  (Nosrəti) daxili işlər naziri Ramil Usubova müraciət ünvanlanmasına da reaksiya verib: “Başa düşmürəm, bunun üçün  Ramil Usubova niyə müraciət ünvanlayır ki? Əgər hadisə baş veribsə, bununla bağlı vətəndaş  DİN-nin 102 Xidmətinə zəng etməlidir. Onların tərəfində belə bir müraciət olunubsa,  qurtardı getdi. Ərazi polis orqanı məsələni araşdıracaq və müvafiq tədbirlər görəcək”-, deyə o bildirib.

Qeyd edək ki,  oktyabrın 16-sı gecə saatlarında naməlum şəxslər hazırda həbsdə olan JAM.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun ailəsinin yaşadığı mənzilə daxil olmaq istəyiblər. Gununsesi.info-nun xəbərinə görə, bu barədə baş redaktorun xanımı Faiqə Nösrəti özünün facebook səhifəsində yazıb. Onun sözlərinə görə, gecə saatlarında mənzilin qapısının döyüldüyünü eşidib. Səsini çıxarmadığından qapıya açar salındığını görən, Faiqə xanım qışıqraraq, səs-küy salıb. Naməlum şəxslər evdəkilərin oyaq olduğunu bildikdən sonra pilləkənlə düşərək, qaçıblar. Hadisə ilə bağlı DİN-in 102 xidmətinə zəng edən jurnalistin xanımı oraya gələn polislərə olayı danışıb. Onun sözlərinə görə, bu, sıradan şəxslərin işi deyil: “Çünki, binamız mühafizəli binadır, ətrafda müşahidə kameraları var. Əgər bu olay obyektiv araşdırılmasa, o zaman bu şəxslərin kimliyinə şübhə qalmayacaq”-, deyə o qeyd edib.

Xatırladaq ki, Daxili İşlər Naizrliyinin yaydığı məlumata görə, görə, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fəraməz oğlunun rəhbəri olduğu “JAM.az” və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib: “Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb”. Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F.İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib. İlkin istintaqla Fikrət İbişbəylinin ətrafına bir qrup şəxs toplayaraq çoxsaylı sahibkar və vəzifəli şəxslərin barələrində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul alması müəyyən olunub. Araşdırmalar zamanı adları istintaqa məlum olan ayrı-ayrı vətəndaşlar da Fikrət İbişbəylinin onlara qarşı anoloji cinayətlər törətdiyi barədə müraciətlər ediblər.Hazırda faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Gülnaz Qənbərli

Gununsesi.info