
Əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilərək yığılması məqsədilə daxili işlər orqanları tərəfindən Sabunçu rayonu Nardaran qəsəbəsində növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Gununsesi.info xəbər verir ki, Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən noyabrın 23-də saxlanılan Nardaran qəsəbə sakini Fail Şahbazov məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmama) ilə 30 gün müddətində inzibati qaydada həbs edilib. F.Şahbazovun ətrafında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 42-ci PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun qəsəbə ərazisində 1 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 1 ədəd “F-1” qumbarası basdırdığı müəyyən edilib.
Həmin silah-sursat polis əməkdaşları və hal şahidlərinin iştirakı ilə saxlanılan şəxsin basdıraraq gizlətdiyi yerdə torpaqdan çıxarılaraq götürülüb.
Qeyd edilən faktlarla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat, partlayıcı maddə və qurğular könüllü olaraq hüququ-mühafizə orqanlarına təhvil verilməlidir.
Qeyd edək ki, könüllü olaraq polisə təqdim edilən qanunsuz silah-sursata görə, vətəndaş məsuliyyətə cəlb edilmir.
Gununsesi.info