DİN özünü polis idarəsindən atan qadınla bağlı açıqlama yaydı

  • By admin
  • 13 Yanvar 2017 17:42

din

Daxili İşlər Nazirliyi Lənkəran rayonunda polis idarəsindən özünü atan Yaqut Əliyevanın işgəncələrə məruz qalması ilə bağlı məlumatlara münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, nazirliyin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Y.Əliyeva və digər 2 şəxs 2013-cü ildə törədilən ağır bir cinayətdə şübhəli biliniblər:

“Rayonun Şürük kəndində yaşayan Fəxriyyə Hüseynovanın evinə qarət məqsədilə girilib, 9 min 100 manat və qızıl-zinət əşyaları aparılıb. Həmin qadının meyiti isə elektrik sobasının üzərindən tapılıb. Ölüm faktı ilə bağlı prokurluq və polis orqanlarında araşdırmalar davam etdirilib. Bu yaxınlarda hadisəni mərhum qadının qonşuları Yaqut Əliyeva, Elgün Həşimov və Xanım Həsənovanın törətməsi barədə əməliyyat məlumatı daxil olub. Hər üç şəxs polis və prokurorluq əməkdaşları tərəfindən saxlanılıb. Onlar cinayəti törətdiklərini etiraf ediblər. Sonra isə polis idarəsinə köçürülüblər. İdarəyə gətiriləndə Yaqut Əliyeva polis əməkdaşından tualetə getmək üçün icazə istəyib. Sonra isə özünü tualetin pəncərəsindən yerə atıb. Qadın özü də ifadəsində saxlanıldıqdan sonra mərhumun yaxınlarından üzr istədiyini deyib. Əgər təzyiq olsaydı, hər üç şəxsə olardı. Yaqut Əliyevanın dedikləri əsassızdır. O, özünü ona görə aşağı atıb ki, ağır cinayət törətdiyi ifşa olunub. Bilib ki, qanuni cəzasını alacaq və ətrafı yanında rüsvay olacaq. Bütün bunlara baxmayaraq vətəndaş Yaqut Əliyevanın dedikləri Daxili İşlər Nazirliyi tərəfindən bir daha araşdırılacaq”.

Qeyd edək ki, Y.Əliyeva virtualaz.org saytına açıqlamasında deyib ki, bir müddət öncə qonşuluqda yaşayan Azadə və Şəbnəm bacılarına 900 manat borc pul verib. Lakin borcunu geri istədikdə, bacılar onu hədələyib və polisə 2013-cü ildə yanaraq ölən qonşusu Fəxriyyə Hüseynovanı onun öldürdüyünü deyəcəklərini bildiriblər.

Qadının sözlərinə görə, dekabrın 28-də axşam vaxtı namaz qılmağa hazırlaşarkən mülki geyimdə olan 5 polis əməkdaşı qəfil evinə soxulub və onu polis idarəsinə aparıblar. Orada döyüldüyünü iddia edən qadın namusunu qorumaq üçün özünü ayaqyolunun pəncərəsindən, 3-cü mərtəbədən atdığını bildirib.

Yaqut Əliyevanın iddiasına görə, döyülmə prosesində Lənkəran Polis İdarəsinin rəis müavini Əlifağa Kazımov özü də iştirak edib.

Qadının intihara cəhd etməsi ilə ilə bağlı ailəsinə, uşaqlarına heç nə deyilməyib.

Gununsesi.info