DİN quldur dəstənin bir üzvünü həbs etdi  

  • By admin
  • 15 May 2018 11:48

 

DİN-in “102 Zəng Mərkəzi Xidməti”nə müraciət edən Mingəçevir şəhərində şirkətlərin birində işləyən Elçin Abdullayev tanımadığı 2 nəfərin onu vuraraq içərisində şirkətə məxsus pul olan çantasını aldıqlarını bildirib.

Dərhal Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla məlum olub ki, saat 7 radələrində 2 nəfər şəhər ərazisindəki MMC-lərin birində hasilatçı (ekspeditor) vəzifəsində çalışan E.Abdullayevi evinin girişində fənərə oxşar alətlə vuraraq şirkətə məxsus içərisində 70.000 manat olan çantanı əlindən alaraq aradan çıxıblar.

Faktla əlaqədar cinayət işi başlanılıb.

DİN-in Baş Cinayət Axtarışı İdarəsi və ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər müəyyən ediliblər.

Polis əməkdaşları tərəfindən saxlanılan basqınçılardan biri – şəhər sakini Kənan Vəliyevin yaşadığı evdən 16 min manata yaxın pul, 1 ədəd beşbarmaq və 2 ədəd bıçaq aşkar edilərək maddi sübut kimi götürülüb.

DİN Mətbuat xidməti