DİN rəhbərliyi yanğında zəhərlənən polisə baş çəkdi

DİN rəhbərliyi yanğında zəhərlənən polisə baş çəkdi

Dekabrın 7-də saat 9:00 radələrində Xırdalan şəhəri M.Hüseynzadə küçəsindəki 14 mərtəbəli binada tüstülənmə baş verməsi barədə Abşeron Rayon Polis İdarəsinin Növbətçi hissəsinə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə və Təcili Tibbi Yardıma məlumat verilib, RPİ rəisinin rəhbərliyi ilə şəxsi heyət hadisə yerinə cəlb olunub.

Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, polis əməkdaşlarının FHN əməkdaşları ilə birgə təxirəsalınmaz tədbirləri ilə binada köməksiz vəziyyətdə qalan 13-ü azyaşlı uşaq, 7-si ahıl olmaqla 70-ə yaxın sakin təxliyə olunub.

Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.

Təxliyə zamanı həyatları üçün təhlükə ilə üz-üzə gəlib, fədakarlıq göstərən əməkdaşlar – polis serjantları Bəhruz Heydərli və Vüsal Zeynalov, həmçinin  9 sakin tüstüdən kəskin zəhərlənmə diaqnozu və müxtəlif dərəcəli xəsarətlərlə Təcili Tibbi Yardım Stansiyasının tibbi personalı tərəfindən Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdiriliblər.

İlkin tibbi yardım göstərildikdən sonra onların əksəriyyəti evə buraxılıblar. Polis əməkdaşları isə DİN-in A.Heydərov adına Respublika Hospitalına aparılıb, tibbi yardımdan sonra V.Zeynalov ambulator müalicəyə buraxılıb.

B.Heydərlinin isə müalicəsi davam etdirilir.

Hadisə yerində ictimai asayişi təmin edən polis əməkdaşlarının sayıqlığı nəticəsində  heç bir qanunazidd hərəkət qeydə alınmayıb və təhlükə sovuşduqdan sonra onların müşayiəti ilə sakinlər evlərinə qayıdıblar.

Qeyd edək ki, binanın şaxtasındakı elektrik naqillərində qısaqapanmadan sonra baş vermiş yanğın nəticəsində elektrik və su sayğacları yanaraq yararsız hala düşdüyündən həmin binanı inşa edən MTK tərəfindən yanmış elektrik şiti, naqillər və sayğaclar qısa vaxtda yenisi ilə əvəzlənib.

Bu gün Nazirliyin rəhbər heyətindən ibarət bir qrup Hospitalda olaraq xəsarət alan polis əməkdaşına baş çəkmiş və müalicəsinin gedişatı ilə maraqlanıb.

“İstər yanğın, istərsə də digər fövqəladə hadisələr zamanı FHN-in əməkdaşları ilə çiyin-çiyinə insanları xilas edərkən həyatlarını təhlükəyə ataraq xəsarət alan polis əməkdaşlarının adına tez-tez rast gəlirik. Bu isə bir daha onu deməyə əsas verir ki, sabitliyin və asayişin, insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq duran Azərbaycan Polisi andına hər zaman sadiqdir”- deyə DİN-dən bildirilib.

Gununsesi.info

COMMENTS