DİN Rasim Məmmədovun saxlanılması barədə açıqlama yaydı

  • By admin
  • 04 Fevral 2022 17:26

Sosial şəbəkələrdə və mediada özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədovun saxlanılmasını əks etdirən xəbər yayılıb.

Gununsesi.info-nun məlumatına görə, xəbərlə bağlı DİN tərəfindən açıqlama verilib.

Açıqlamada deyilir:

Özünü İctimai Nəzarət Koalisiyasının rəhbəri kimi təqdim edən Rasim Məmmədov 2021-ci il sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən “Azmetal” MMC-yə gələrək heç bir əsaslı səbəb olmadan oranın direktor müavini Ramiz Hüseynovun ünvanına nalayiq söyüşlər söyüb çölə çıxmasını tələb etmişdir.

R.Hüseynov həyətə düşdükdən sonra R.Məmmədov təkrar olaraq onun ünvanına nalayiq ifadələr işlətmiş və əlindəki mobil telefonla MMC-nin anbardarı Sabir İsmayılovun baş nahiyəsinə 3 dəfə zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir.

Faktla əlaqədar Sumqayıt Şəhər Polis İdarəsində müvafiq araşdırma aparılmış və araşdırmanın nəticəsinə uyğun olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanmışdır.

Fevralın 3-də Rasim Məmmədov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılmışdır.

Onu da qeyd edək ki, özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədovun müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə qarşı da qanunazidd hərəkətlər etməsi ehtimal olunur. Onun belə əməllərindən zərərçəkmiş şəxslər varsa bu barədə DİN-in 102 Zəng-Mərkəzinə və Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edə bilərlər.

 

Gununsesi.info