DİN salfetkada narkotik olması iddiasını ARAŞDIRIR

  • By admin
  • 09 Fevral 2022 10:00

Küçədə uşaqların satdığı salfetin içərisində narkotik vasitələrin olduğuna dair iddialarla bağlı Daxili İşlər Nazirliyi (DİN) tərəfindən araşdırma aparılır.

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

E.Hacıyev qeyd edib ki, polis yayılan iddialar barədə məlumatlıdır:

“Bu istiqamətdə müvafiq araşdırmalar aparılır. Məsələnin təfərrüatı araşdırmanın nəticəsindən sonra məlum olacaq”.

Qeyd edək ki, bir neçə sosial şəbəkə istifadəçisi dilənçi uşaq və qadınlardan salfetka almamaqla bağlı çağırış edib:

“Bir vacib məlumat deyim sizə, əsas da maşını olanlara aiddir. Yolda salfetka satan uşaqlar və qadınlardan almayın. Pul vermek istəsəniz verin, amma salfetkanı götürməyin. İçine patı atırlar verirlər sənə. Sən də bilmirsen qoyursan maşına. Yolda polislər qabağını kəsirlər və ilişdirirlər. Artıq 3 nəfəri ilişdiriblər. Əsas da “Memar Əcəmi” tərəfdə ehtiyatlı olun”.

Gununsesi.info