DİN-in saytında vətəndaşların adlarının mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu kimi axtarışda, eləcə də sərhədkeçməyə məhdudiyyəti siyahısında olub-olmaması barədə məlumat əldə edə biləcəkləri interaktiv pəncərə yaradılıb.
DİN-in mətbuat xidmətinin məlumatına görə, vətəndaşlar elektron xidmətdən mia.gov.az saytında istifadə edə bilərlər (http://mia.gov.az/?//content/liability).
“Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclular barədə məlumatlar” xidməti seçilməli və açılan pəncərənin qrafalarına müvafiq şəxsi məlumatlar – soyad, ad, ata adı, doğum tarixi və ya şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və şəxsin doğum tarixi doldurulub təsdiq edilməlidir.
Əgər şəxs axtarışdadırsa, qırmızı rəngdə “Diqqət, siz borclu kimi axtarışdasınız” xəbərdarlığı ekrana çıxır.
Həmçinin, hansı polis orqanına müraciət etməli olduğu qeyd edilir. Borc ödəndikdə məhdudiyyət aradan qalxır. Şəxs barəsində axtarış elan edilməyibsə, “Borclu barədə məlumat yoxdur” yazısı ekrana çıxır.