Dinara “Mazepa”da Mariya olacaq

  • By admin
  • 02 Avqust 2016 10:53

dinara

Sentyabrın 11, 13, 15 və 17-də İspaniyanın Ovyeda Opera Teatrında P.Çaykovskinin “Mazepa” operası oynanılacaq. Səhnə əsərində Mariya obrazını Azərbaycanın Əməkdar Artisti Dinara Əliyeva canlandıracaq.

Gununsesi.info AZƏRTAC-a xəbər verir ki, bu barədə məlumat həm Dinara Əliyevanın, həm də İspaniyanın Ovyedo Opera Teatrının rəsmi saytında yer alıb.

Dinara Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, Rusiya, İtaliya, Fransa, Yunanıstan, Çexiya, Monte-Karlo, ABŞ və Yaponiyanın opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015-ci ildə Moskvada Dinara Əliyevanın “Opera Art” Birinci Beynəlxalq Musiqi Festivalı keçirilib.

Dinara Əliyeva konsertlərdə müxtəlif janrlarda, rus və Azərbaycan xalq mahnılarından, opera və operettalardakı ariyalardan tutmuş romans və cazadək müxtəlif əsərləri ifa edir.