Dini ekstremizmə qarşı əməliyyat zamanı KİV-ə verilən məlumatlar məhdudlaşdırılacaq

  • By Mayil
  • 28 Oktyabr 2016 14:02

rafael-huseynov

Azərbaycanda dini ekstremizmə qarşı əməliyyat zamanı KİV-ə verilən məlumatlar məhdudlaşdırılacaq.

Gununsesi.info xəbər verir ki, Milli Məclisin (MM)  bu gün keçirilən plenar iclasında “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlara əlavə və dəyişikliklər layihələri müzakirəyə çıxarılıb.

Qanun layihələrinə dəyişikliklərin mahiyyəti və edilən təkliflər barədə məlumat verən Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirib ki, artıq günümüzdə belə halların şahidi oluruq. “Adıçəkilən qanunlara dəyişikliklər “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanuna uyğunlaşdırlması məqsədi ilə edilir. Dəyişikliklərə əsasən dini ekstremizmə qarşı mübarizənin geniş ictimaiyyət kütləsinə çatdırırlma qaydaları öz əksini tapır. Çünki dini ekstremizmə qarşı mübarizədə KİV-in və digər qurumların üzərinə düşən vəzifələr var”- deyə, komitə sədri vurğulayıb. R.Hüseynov əlavə edib ki, bu cür halların qarşısını vaxtında qanunvericilik baxımından almaq məqsədi ilə 2015-ci ildə Azərbaycanda “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun qəbul edilib, indi də qanunlara dəyişikliklər və əlavələr edilməkdədir: “Adıçəkilən qanuna da dəyişiklik edildiyindən, digər qanunlarda da uyğunlaşdırma aparılmalıdır. Bu baxımdan, müzakirəyə çıxarılan dörd qanun “Dini ekstremizmə qarşı mübarizə haqqında”qanuna edilən dəyişikliyin digər qanunlarda da uyğunlaşdırlması məqsədini daşıyır. Odur ki, adıçəkilən “Dini ekstremizm haqqında” qanunda ekstemizm əleyhinə xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumat verilməsi; Dini ekstremizm əleyhinə züsusi əməliyyatın aparılması zonasındakı KİV işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilməsi, həmçinin, xüsusi əməliyyat barədə ictimaiyyətə əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilməsi” kimi dəyişikliklər öz əksini tapıb”.

Müzakirələrin yekunu olaraq qanuna dəyişiklik parlamentarilər tərəfindən səsvermə yolu ilə qəbul edilib.

Mürtəza

Gununsesi.info