“Dini etiqad etməyə məcbur etməklə bağlı Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər düzgün anlaşılmalıdır. Söhbət burada kiminsə əlinə ələm götürüb pul yığmağa, yaxud saqqal saxlamağa məcbur etmək kimi əməllərdən gedir”.
Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, bunu Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar komitələrinin bu gün keçirilən birgə iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S. Novruzov bildirib ki, kimsə dini ritual yerinə yetirirsə, üzərində dini nişan varsa, yaxud evdə namaz qılır, dini ayin icra edirsə, bu qadağaların onlara dəxli yoxdur.
Xaricdə islam dini ilə bağlı təhsil alanların Azərbaycanda dini mərasimləri idarə etmələrinə qoyulan qadağa haqda da danışan komitə sədri bunları deyib: “Azərbaycanda Bakı İslam Universitetində, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində dini təhsil verilir. Ancaq bizdə xristian və yəhudi dinləri ilə bağlı dini təhsil verən mərkəz yoxdur. Ona görə də biz qadağanı məhz xaricdə İslam dini ilə bağlı təhsil alanların mərasim aparmalarına qoymuşuq. Onu da nəzərə almaq lazımdır ki, qanunun geriyə qüvvəsi yoxdur. Yəni, söhbət qanunun qəbulundan sonra xaricdə təhsil alanlardan gedir. Ola bilər ki, həmin insan savadlıdır, amma təhsil aldığı ölkənin müəyyən orqanları ilə əlaqədə olub. Dini mərasimləri vətəninə, ölkəsinə, xalqına bağlı olan insanlar idarə etməlidirlər”.
Gununsesi.info