“Dini mədrəsələrə kollec statusunun verilməsi tələbə qəbuluna müsbət təsir göstərib” - QMİ-NİN SƏDR MÜAVİNİ

  • By admin
  • 30 Oktyabr 2017 14:10

“Azərbaycanda dini mədrəsələrə kollec statusunun verilməsi bu təhsil ocaqlarının tələbə qəbuluna müsbət təsir göstərib”.

Gununsesi.info xəbər verir ki, bunu “report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Qəmər Cavadlı deyib.

Onun sözlərinə görə, Zaqatalanın Əliabad qəsəbəsindəki İslam Kolleci, hafizlərin hazırlanması ilə məşğul olan Şəki İslam Kolleci və Bakı şəhərindəki “Şəbnəm” Qızlar İslam Kolleci builki planını doldurub: “Kollec statusunun verilməsi məktəbləri bitirənlərin iş məsələsinin həllində müsbət rol oynayacaq. Mədrəsələrin diplomları tanınmadığından məzunların işlə bağlı imkanları geniş olmurdu”.

Q.Cavadlı bildirib ki, hafizlik əzbər yadda saxlamaq, “Quran”ı mənimsəmək kimi qabiliyyətlər tələb etdiyindən Şəkidəki kollecə qəbul 6-7-ci siniflərdən aparılır: “Bu şagirdlər paralel olaraq orta məktəbdə də təhsillərini davam etdirirlər. Həmin kolleci bitirənlərə hafizlik və ya adi diplom verilir. Məktəbə qəbul olanların hamısı hafiz ola bilmir”.

QMİ sədrinin müvaini vurğulayıb ki, digər kolleclərə qəbulun aparılması istiqamətində artıq müəyyən işlər görülüb: “Bu il avadanlıqların təchizatı və digər məsələlərlə bağlı olaraq kolleclərə qəbul aparılmadı. Gələn tədris ilindən qəbulun aparılması istiqamətində iş aparılır”.

Qeyd edək ki, bu ilin mart ayında 8 yeni İslam Kolleci yaradılıb. Bunlar Heydər İslam Kolleci, Gəncə İslam Kolleci, Zaqatala İslam Kolleci, Lənkəran İslam Kolleci, Quba İslam Kolleci, Nardaran İslam Kolleci, Bibiheybət İslam Kolleci və Naxçıvan İslam Kollecidir.

Gununsesi.info