Diplomatiya cəbhəsində fiaskoya uğrayan Minsk qrupu: Həmsədrlər barədə bilmədiklərimiz...

  • By admin
  • 30 İyul 2021 14:25

Rusiya 11 ildən sonra ATƏT-in Minsk qrupuundakı həmsədrini dəyişdi. 2010-cu ilin yayından bu vəzifəni icra edən İqor Popov 59 yaşlı diplomat İqor Xovayevlə əvəz olundu. 1992-ci il ildə yaranan və son 28 il ərzində Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyasını həyata keçirən Minsk qrupunda bu son dəyişilik reallığı dəyişmədi. Bütün sülh təşəbbüsləri uğursuzluğa düçar olan qrupun gələcək fəaliyyəti və effektivlik dərəcəsi böyük sual altındadır.

Gununsesi.info ATƏT-in Minsk qrupunun həmsədrləri barədə ümumi informasiyanı təqdim edir.

Rusiya

Xovayev 2020-ci ilə qədər Rusiyanın Fillipində, həmçinin, Mikroneziya Federativ Ştatları və Palau Respublikasında səfiri olub.

Həmsədrlərin Qarabağla bağlı 29 iyul tarixli birgə bəyanatında fransalı həmsədr Stefan Viskonti və amerikalı həmsədr Endryu Şoferlə birgə Rusiya tərəfdən məhz Xovayevin adı yer alıb. İqor Xovayev 1962-ci ildə anadan olub. O 1988-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun beynəlxalq əlaqələr fakultəsini bitirib. Həmin ildən Xarici İşlər Nazirliyində çalışmağa başlayan diplomat mərkəzi aparatda və xarici ölkələrdə bir sıra vəzifələrdə çalışıb.

2004-cü ildən o, XİN-nin xarici siyasətin planlaşdırılması departamentinin həmvətənlərlə iş üzrə idarəsinin rəisi olub. 2010-cu ilə qədər Xovayev Rusiyanın Vyetnamdakı səfirliyində məsləhətçi kimi çalışıb. Bundan başqa, yeni həmsədr XİN-nin 3-cü Asiya departamentinin direktor müavini olub. İngilis, fransız və vyetnam dillərini bilən diplomat 2017-ci ildən 1-ci dərəcəli fövqəladə və səlahiyyətli səfir statusu alıb.

Maraqlıdır ki, Xovayevin sələfi İqor Popov da həmsədr təyin olunmazdan öncə, səfir çalışıb. Popov 2006-2010-cu illərdə Rusiyanın Mozambik və Svazilenddə səfiri olub və portuqal dilini bilib.

Fransa

Stefan Viskonti 2016-cı il oktyabrın 20-dən ATƏT-in Minsk qrupunun həmsədri təyin olunub. O 2014-cü ildən həmsədr olan Pyera Andriyonu əvəz etmişdi.  Viskonti 1962-ci il oktyabrın 4-də anadan olub. İxtisasca iqtisadçı olan diplomat Fransa ali iş administrasiyası məktəbini bitirib, Sovet İttifaqı və Rusiya ilə əlaqələr üzərində ixtisaslaşıb.

54 yaşlı Viskonti həmsədr təyin olunmazdan öncə, Fransanın Latviyada səfiri olub. 59 yaşlı həmsədr ingilis, rus, alman, isveç, türk və gürcü dillərində danışa bilir.

ABŞ

Amerikalı həmsədr Endryu Şeffer 2017-ci ildən bu səlahiyyətləri icra edir.

O 1985-ci ildə nüfuzlu Yel Universitetini bitirib. Bundan başqa, Kolumbiya Universitetinin beynəlxalq münasibətlər fakultəsində magistr dərəcəsi alıb. 1991-ci ildən Şeffer dövlət dəftərxanasında diplomat, ABŞ-ın Küveyt və Bəhreyn, Rusiya və Hollandiya səfirliklərində çalışıb.

2011-2014-cü illərdə ABŞ-ın Kiprdə, 2015-ci ildən isə ölkəsinin beynəlxalq təşkilatlarda nümayəndəsi olub.

Gununsesi.info