Oktyabrın 12-də Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Gəncəyə səfər ediblər.
Gununsesi.info Baku TV-yə istinadən xəbər verir ki, diplomatlar Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqaları müşayiət ediblər.
Qeyd olunub ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə hücumun həyata keçirilməsi çoxlu sayda insanın qətlə yetirilməsi məqsədi daşıyır.
Təmas xəttindən uzaqda yerləşən Gəncə Ermənistanın Vardenis rayonundan atəşə tutulub. Eyni zamanda, Azərbaycanın sənaye şəhəri olan Mingəçevir şəhər, o cümlədən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Azərbaycan İstilik Elektrik Stansiyası Ermənistan tərəfindən raket atəşinə məruz qalır.
Diqqətə çatdırılıb ki, Ermənistanın bu əməlləri Moskvada əldə olunmuş humanitar atəşkəs razılaşmasına ziddir.
Azərbaycan humanitar atəşkəs rejiminə əməl etsə də, Ermənistan mülki əhaliyə qarşı vandalizm aktı törədib. Beynəlxalq təşkilatlar hərbi cinayətlər törədən, dinc əhalini hədəfə alan Ermənistana siyasi təzyiq göstərməlidir. Əgər Ermənistan bu əməllərini davam etdirəcəksə, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq cavab tədbirləri görəcək.
Gununsesi.info