Azərbaycanda fəaliyyət göstərən diplomatların təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görülüb.
Bunu Gununsesi.info-ya açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Vyana Konvensiyasıan uyğun olaraq diplomatların təhlükəsizliyinin təmin edilməsi onu qəbul edən ölkə tərəfindən təmin edilir.
“Azərbaycan da Vyana Konvensiyasından irəli gələn tələblərə uyğun olaraq, ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin diplomatlarının təhlükəsizliyinin təmin edilməsini öz üzərinə götürüb. Bu işlə bağlı müvafiq hüquq-mühafizə orqanları tərəfindən mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir və onların təhlükəsizliyini təmin olunur”– deyə, H. Hacıyev bildirib.
XİN rəsmisi onu da əlavə edib ki, məlum konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycanın da xarici ölkələrdəki diplomatlarının təhlükəsizliyinın təmin olunması onların fəaliyyət göstərdiyi ölkə tərəfindən həyata keçirilir.
Azərbaycanın Türkiyədəki səfirliyində təhlükəsizlik məsələlərinin gücləndirilməsinə gəldikdə isə H. Hacıyev deyib ki, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı diplomatik nümayəndəlikləri gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.
Mürtəza
Gununsesi.info