Diqqətli olaq! – Ehtiyatsızlıq böyük faciələrə yol aça bilər

  • By admin
  • 06 Avqust 2021 21:30

Son günlər dünyada yanğın təhlükəsi artmaqda davam edir. Yay fəsli başlayandan havanın temperaturunun yüksəlməsi ilə əlaqədar bir çox bölgədə yanğınların baş verdiyinin şahidi olduq.

 

Meşə yanğınlarının səbəbləri gəlincə, fərqli versiyalar səsləndirilir. Bəziləri yanğınları kəskin istilər və insanların ehtiyatsızlığı ilə əlaqələndirir, bəziləri isə qəsdəntörədildiyini iddia edirlər. Sərinləmək üçün istirahət mərkəzlərinə,  parklara üz tutan insanların təşkil etdikləri yemək süfrələri, piknik və gəzintilər çox vaxt faciə ilə nəticələnir. Qalanan ocağın söndürülməməsi, ətrafda tez alışabilən maddələrin qalması, söndürülməmiş siqaret kötüklərinin ağaclıq ərazilərə atılması yanğına səbəb olur. Nəticədə ətraf mühitə, insan sağlamlığına, planetin “Ağ ciyər”lərinə böyük zərbə vurulur. Ona görə də ilk növbədə insanlar istirahət yerlərini tərk etməzdən əvvəl diqqətlə ətrafı nəzərdən keçirməlidirlər.

 

Təəssüflər olsun ki, ölkəmizdə də belə hadisələrə rast gəlmək mümkündür.

 

Bu yay ölkə üzrə lokal xarakter daşıyan yanğınlar Lənkəran və Yardımlıda, ardınca Ağsuda Gəgəli kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə qeydə alındı. Aidiyyəti qurumlar tərəfindən yanğınların qarşısının alınması, miqyasının genişlənməməsi üçün operativ tədbirlər həyata keçirildi, helikopterlər, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə cəlb olundu. Görülən tədbirlər nəticəsində yanğınların daha geniş ərazilərə yayılması təhlükəsinin qarşısı alındı.

 

Ekspertlər hesab edirlər ki, Azərbaycanda baş verən meşə yanğınlarının 95 faizi insanların ehtiyatsızlığından qaynaqlanır.

Yanğınlar başlayan günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova həyəcanlı bir açıqlama yayaraq, insanlara müraciət etdi. Nazirlik rəsmisi “gəlin, təbiətə, insanlara ölçüyəgəlməz zərər vuran yanğınlardan nəticə çıxaraq və hamımızı sarsıdan bu cür ürəkağrıdıcı fəlakətlə bir də üzləşməyək” – deyə bildirdi.

 

İradə İbrahimova hər kəsi, xüsusilə də meşə ərazilərinə yaxın kəndlərin əhalisini, təbiət qoynunda istirahət edən turistləri, fermerləri və bütün vətəndaşlarımızı hədsiz dərəcədə duyarlı və diqqətli olmağa, odla ehtiyatlı davranmağa,  söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, biçindən sonra sahələrə od vurmamağa səslədi:

 

“Bilməliyik ki, hər birimizin ani ehtiyatsızlığı və etinasızlığı dəhşətli fəlakətə səbəb ola bilər.  Meşə yanğınlarının çox ciddi və təhlükəli olması hər bir vətəndaşın daim diqqətində olmalı, bu həyəcanı hər kəs hiss etməlidir”.

Ehtiyatsızlıq böyük faciələrə yol açır…

 

Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev diqqətə çatdırdı ki, nazirlik tərəfindən aparılan statistikaya əsasən, son dövrlərdəki yanğınların 90 faizindən çoxu məhz insan ehtiyatsızlığı ucbatından baş verir:

 

“Çox təəssüf ki, hər il maarifləndirici tədbirlər həyata keçirməyimizə və bu barədə ətraflı məlumat verməyimizə baxmayaraq, hələ də qaydalara əməl etməyən vətəndaşlarımız mövcuddur. Amma müsbət halları da qeyd etmək lazımdır. Belə ki, artıq son dövrlərdə baş verən yanğınların söndürülməsində yerli kənd icmalarının nümayəndələrinin, həmçinin yerli sakinlərin də fəal iştirak etdiklərinin şahidi oluruq”.

 

F.Əliyevin sözlərinə görə, təbiətdə baş verən yanğınların qarşısını almaq məqsədilə ETSN tərəfindən FHN əməkdaşları ilə birgə  mütəmadi təlimlər keçirilir. Təlimlərdə əsasən yanğın baş verəndə hansı funksiyalar yerinə yetirilməlidir, hansı qabaqlayıcı tədbirlər görülməlidir kimi suallar ətrafında müzakirələr aparılır:

 

“Cari ildən başlayaraq ərazilərdə baş vermiş imitativ yanğın prosesi zamanı əməkdaşların reaksiyasını yoxlayıb, onları qiymətləndiririk.

 

Təbii ki, heç kəs təbiət hadisələrindənsığortalanmayıb. Hadisənin fəsadlarını minimuma endirmək üçün əlimizdən gələni etməliyik. Xüsusilə, bu həssas dövrdə vətəndaşlar təbiət qoynunda olarkən alovla ehtiyatlı davransınlar, piknik yerlərini tərk edərkən ərazidə qalanan ocağı söndürsünlər, yanan siqaret kötüklərini yerə atmasınlar”.

Yanğınların artmasının bir səbəbi də kənd təsərrüfatı məqsədilə əkilmiş sahələrin biçildikdən, məhsul yığıldıqdan sonra yandırılmasıdır. Xidmət rəisi bunu tamamilə yanlış yanaşma hesab etdiyini bildirib və vurğulayıb ki, bu yolla növbəti məhsuldarlığın daha yaxşı olması mümkün deyil:

 

“Əkinçilər bilməlidirlər ki, yanğınların baş verməsi torpağın üst hissəsində olan mineralların məhv olmasına gətirib çıxarır. Nəticədə, bu yanğınlar baş verdiyi zaman həmin əkin sahələrindən meşəlik ərazilərə, digər yaşıllıq ərazilərə od düşür və bunun da qarşısını almaq çox çətin olur”.

 

Vətəndaşlara çağırış: Diqqətli olun!

 

Avqust ayının ilk günlərində ölkə ərazisində havanın temperaturunun daha da yüksələcəyi, bəzi yerlərdə temperaturun 42-43 dərəcəyədək artacağı barədə proqnozla əlaqədar Fövqəladə Hallar Nazirliyi də əhaliyə əhaliyə müraciət etdi.

 

Nazirliyin müraciətində bildirildi ki, belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnir, həmçinin kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır.

 

“Yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırırıq. Həmçinin günvurma təhlükəsindən qorunmaq üçün belə günlərdə açıq havada, o cümlədən çimərliklərdə günəş şüaları altında çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur”, – müraciətdə vurğulanıb.

Məsələyə münasibət bildirən ekoloq Fikrət Cəfərov rəsmi qurumların meşə yanğınları ilə əlaqədar hərəkətə keçməyini təqdir edərək, əhalini ehtiyatlı olmağa çağırır. Ekspertin fikrincə, əhalinin təbiətlə davranış mədəniyyəti çox da yüksək deyil:

 

“Məsələn, yolla gedən avtomobillərdən yanan siqareti yol kənarına atırlar. Aydındır ki, siqaret də yol kənarında quru ot üzərinə düşür və yanğın baş verir. Bilirsiniz ki, hazırda turizm mövsümüdür və insanlar meşələrdə, çay kənarlarında istirahətə yollanırlar. Bu zaman isə kabab bişirməyə üstünlük verirlər. Mən özüm dəfələrlə təbiətdə kabab bişirən insanlarla rastlaşmışam və onlara izah etmişəm ki, kabab bişirdikdən sonra ocağı tamamilə söndürmək lazımdır.

 

Çox zaman insanlar közü sadəcə torpaqla örtürlər, ancaq kömür qalır və sonradan yanğına səbəb olur. Ümumiyyətlə, Azərbaycanda yanğınların 95 faizi birbaşa insan davranışı ilə bağlıdır”.

 

Azərbaycanda yanğınların qəsdən törədilməsi ilə bağlı fikirlərə münasibət bildirən ekoloq hesab edir ki, bu iddialar həqiqətə uyğun deyil və yanğınların əksəriyyətinin qəsdən törədilmə ilə bağlı heç bir əsas yoxdur. Çünki yanğınlar yaşayış yerlərindən uzaqda, əsasən insanların istirahət üçün getdiyi ərazilərdə baş verir ki, bu da ehtiyatsız davranışdan irəli gəlir.

 

Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda dərc olunub.

Gununsesi.info