Direktoru qovmaqla iş bitmir -Prokurorluq Tovuz Dövlət Sosial-İqtisadi Kollecində baş verənləri araşdıracaqmı?

Martın 29-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən növbəti monitorinq keçirilib.

Gununsesi.info xəbər verir ki, Agentliyin nümayəndələri Tovuz Dövlət Sosial-İqtisadi Kollecində olublar.

Monitorinq zamanı tədris sənədlərinə baxış keçirilərək müvafiq təhlillər aparılıb. Nəticədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 4 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Rizvan Qənbərovla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Tovuz Dövlət Sosial-İqtisadi Kolleci 26 avqust 2002-ci ildə Nazirlər Kabinetinin qərarına əsasən Tovuz Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılıb.

Kollecdə texnologiya müəllimliyi, mühasibat uçotu, vergi və vergitutma, yol hərəkətinin təşkili, aqronomluq və yerquruluşu torpaq müfəttişliyi ixtisasları üzrə tədris aparılır.

Rayondakı mənbələrdən saytımıza daxil olan məlumata görə, sözügedən kollec uzun illər ərzində korrupsiya və rüşvət yuvası kimi fəaliyyət göstərib. Tələbələr istisnasız olaraq rüşvətlə qəbul edilib, imtahanlar da eyni qaydada Kollec rəhbərliyinə, şöbə müdirlərinə bəlli məbləğlər ödənilməsi hesabına verilib.

 

Mənbə bildirir ki, tələbələrin çoxunun adı kollecə yazılsa da onlar ümumiyyətlə dərs, auditoriya üzü görməyib. İşə gəlməyən müəllimlərin, texniki işçilərin, tələbələrin təqaüd kartları direktor müavini, şöbə müdiri tərəfindən saxlanılır, onlar hər ay “Kapital Bank”ın hesabından vəsaitləri çıxararaq bir qismini rəhbərliyə çatdırıb, qalanını da özlərinin şəxsi ehtiyaclarına sərf ediblər.

Məlumatda qeyd olunur ki, pul üztündə tez tez direkorla rəhbər işçilər arasında narazılıq, hətta dava-dalaş olub.

Qeyd edək ki, yerli media bu kollecdə baş verən korrupsiya cinayətləri barədə silsilə yazılar dərc olunub, amma aidiyyatı qurumlar tərəfindən heç bir tədbir görülməyib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda aparılan monitorinqlərin nəticələri, qanunsuzluq faktları barədə də heç bir informasiya verilmir.

Əslində Kollecdə baş verən qanunsuzluqlar Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin araşdırma predmeti olmalıdır. Direktoru işdən qovmaq problemin həlli deyil.

 

 

Elmar 

Gununsesi.info