53 yaşlı Salma Hayek kosmetoloqun kabinetindən qaçıb. Hollivud aktrisası dodaqlarını böyütmək üçün gözəllik inyeksiyası etməkdən son anda vaz keçib.
Gununsesi.org Cosmo.ru-ya istinadən xəbər verir ki, aktrisa “Boss kimi” filmində yeni rolu üçün hazırlıqlarından danışıb. O, yeni rolu üçün kosmetik maqnat Kler Lunaya çevrilməli idi. Bunun üçün meksikalı aktrisa təkcə parik və rəngli linza istifadə etməklə kifayətlənməyib, görünüşünü tamamilə dəyişmək qərarına gəlib.
“Mən heç vaxt etmədiyim bir addım atmaq – dodaqlarımı böyütmək istəyirdim”, – deyə Hayek etiraf edib. Bunun üçün o, kosmetoloqa müraciət edib.
Həkim prosedur üçün hazırlıqlara başlayıb və pasientinə bunun ağrılı olacağı barədə xəbərdarlıq edib. İynə üzünə yaxınlaşanda isə, aktrisa qəfil fikrini dəyişib.
“Yox, unut bunu. Mən hazır deyiləm”, – deyən Salma həkimin kabinetindən çıxıb.
Hollivud ulduzu xarici görünüşünü dəyişməyə hazır olmadığını bildirib.
Onun sözlərinə görə, nəsildə olan qadınların heç biri qocalıqdan qorxmayıb. Hayek də həmin mövqedə olaraq, yaşı ilə əlaqədar dəyişiklikləri ləyaqətlə qarşılamağı düşündüyünü bildirib.