“Dollar 2 manatı keçəcək”

  • By admin
  • 08 Avqust 2016 14:44

dollar

 

“İstənilən halda yaxın bir il ərzində 1 dollar 2 manatı vurub keçəcək”. Bu sözləri bank üzrə ekspert Əkrəm Həsənov deyib.

Ekspertin sözlərinə görə, manatın növbəti dəfə kəskin devalvasiyası qaçılmazdır: “Sadəcə, bu vaxt tələb edir. Ola bilər ki, qısa müddətdə olsun. Amma bu proses bir az uzun çəkə də bilər. Necə ki, məzənnə yavaş-yavaş yüksəlir. Son iki ayda 10 qəpik devalvasiya olub. Mayın 31-də 1 dolar 1.49 manat idi, bu gün artıq 1.6 manatdır. Devalvasiya gedir və bunun səbəbləri də aydındır. Xarici valyuta gəlirlərimiz azalıb. Bu neftlə bağlıdır. Neftin həm dəyəri düşüb, həm də neft hasilatımızın həcmi azalıb. Neft qiymətlərinin artmaq ehtimalı yoxdur. Əksinə, eniş ehtimalı daha yüksəkdir. Buna görə də Azərbaycanın neft gəlirləri azalan xətlə gedəcək. Belə şəraitdə istənilən əmtəənin qiyməti artmalıdır”.

Əkrəm Həsənov bildirib ki, Mərkəzi Bank məzənnəni süni yollarla, öz ehtiyatları hesabına saxlaya bilər: “Mərkəzi bankın 4 milyard ehtiyatı var. Manatın sabit qalması üçün onu da “əridə” bilər. Öz ehtiyatı bitəndən sonra, Dövlət Neft Fondunun ehtiyatlarınadan istifadə edə bilər. Amma dövlət buna imkan verməz. Biz ehtiyatlarımızın hamsını itirə bilmərik. Bu halda iqtisadiyyatımız tam çökə bilər. Mərkəzi Bank məzənnəni saxlamaq üçün bir neçə ay çalışdı. Amma anladılar ki, saxlamaq mümkün deyil. Yenə də məzənnəni saxlamaq üçün ehtiyat fondundan pul xərclənir”.

ekrem

 

Ekspert qeyd edib ki, manat sərbəst buraxılsa, dollar 2 manatı keçəcək: “Məzənnə sərbəst qalsa, bunun gedib hara çıxacağı məlum deyil. Məzənnəni saxlamaq üçün banklara manat kreditləri verilməməlidir. Mərkəzi Bank banklara kredit vermiyə bilər. Amma bu da iqtisadiyyata təsir edəcək. Banklara manatla kredit verilir. Mərkəzi Bank uçot dərəcəsini qaldırdı ki, banklar onlara verilən manat kreditini dollara çevirməsin. Əlbəttə, müxtəlif yollara əl atılır ki, məzənnə qorunsun. Amma yenə də devalvasiyanın qarşısını almaq mümkün olmayacaq. İstənilən halda, yaxın bir il ərzində 1 dollar 2 manatı vurub keçəcək. Bu tezliklə də baş verə bilər”.

 

Gununsesi.info