Dollar milyarderlərinin sərvəti 10 ildə iki dəfə artıb

Qlobal iqtisadiyyatda qeyri-müəyyənliyin artdığı bir mühitdə dollar milyarderlərinin sərvəti son 10 ildə 121 faiz artaraq 14 trilyon dollara çatıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, eyni dövrdə dollar milyarderlərinin sayı 50 faiz artaraq 2682 nəfərə çatıb.

Dünyanın ən böyük iqtisadiyyatına sahib olan ABŞ-da milyarderlərin sayı sənaye və texnologiya sektoru başda olmaqla 751-dən 835-ə yüksəlib, sərvətləri isə 4,6 trilyon dollardan 5,8 trilyon dollara çatıb.

Lakin dünyanın ikinci ən böyük iqtisadiyyatına malik Çində milyarderlərin həm sayında, həm də sərvətində azalma müşahidə olunub. Çində milyarderlərin sayı 2024-cü ildə 520-dən 427-yə düşdüyü halda, onların sərvəti 1,8 trilyon dollardan 1,4 trilyon dollara düşüb.

Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada 109 milyarderin sərvəti 576 milyard dollara çatıb.

UBS-in hesabatına görə, texnologiya milyarderləri son 10 ildə sərvətlərində ən yüksək artım qeydə alıblar. Texnoloji milyarderlərin sərvəti süni intellekt, kibertəhlükəsizlik, fintech, 3D çap və robototexnika sahəsindəki sürətlənmə sayəsində üç dəfə artaraq 2,4 trilyon dollara çatıb.

Hesabatda bildirilirdi ki, Covid-19 pandemiyasından sonra daha çox milyarder daha az vergi, siyasi sabitlik, yaxşı səhiyyə və yaxşı məktəblər axtarmaq üçün yaşayış yerlərini dəyişib.

Bundan başqa, son 10 ildə milyarderlərin İsveçrə, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ-a marağı artıb.

Orxan Saffari

Gununsesi.info