
Ölkədə dollar satışında yenidən məhdudiyyətlər yaranıb. Hətta 10-ya yaxın bankda (Kapital Bank, Azər-Türk bank, AFB bank, Ziraat Bank Azərbaycan, Pakistan Milli Bankı Bakı filialı, Paşa Bank, VTB Bank və sair) xarici valyuta satışı ümumiyyətlə dayanıb.
Qeyd edək ki, ilin son aylarında idxal məhsullarına tələbat, habelə hesabat dönəmi olduğu üçün dollar alışı yüksəlib. Nəticədə son həftə manatın qiymətində ucuzlaşma hiss olunmaqdadır. Hökumət manata qarşı təzyiqi azaltmaq üçün avqust ayında olduğu kimi dollar satışını məhdudlaşdırmağa üstünlük verir.
Bəs, hökumətin bu cür puı-kredit siyasəti nə vaxta kimi davam edə bilər?
İqtisadçı-ekspert Natiq Cəfərli Gununsesi.info-ya şərhində bildirdi ki, Azərbaycana valyuta gətirəcək şirkətlər yoxdur: “Rusiyada gündəlik 11 min şirkət birjalarla valyuta satışı həyata keçirir, ölkələrinə pul gətirirlər. Bununlada rublun məzənnəsi bazar qaydalarına uyğun müəyyənləşir. Azərbaycanda isə Neft Fondu və Mərkəzi Bankdan başqa bazarda valyuta sata biləcək üçüncü bir oyunçu yoxdur. Onların da bazarda iştirakı kifayət qədər məhduddur. Mərkəzi Bankın ehtiyatları xeyli dərəcədə azalıb və ehtiyatlarını qorumağı düşünür. Neft Fondu isə yalnız dövlət büdcəsi qarşısında öhdəliyinə əsasən il ərzində cəmi 4 milyard dollar sata bilər. Təəssüf ki, yalnız bu iki oyunçu bazarın bütün tələbatını ödəmək məcburiyyətindədir. Ona görə də, nə vaxt hərraclara az valyuta çıxarılırsa, o zaman dollar qıtlığı yaranır. Banklarda dollar qıtlığı yaranan kimi satışa məhdudiyyətlər qoymaq məcburiyyətində olur”.
N.Cəfərli deyir ki, Azərbaycana valyutanın yalnız neftdən daxil olması, ölkənin ənböyük problemlərindən biridir: “Avqust-sentyabr aylarında tələbatı ödəmək üçün elə gün oldu ki, 370 milyon dollar vəsait satışa birdəfəlik çıxarıldı. İndisə həftəlik hərraclarda satışa 50 milyon dollar çıxarılır ki, bu da ölkənin tələbatını ödəyə bilmir. Nəticədə satışa məhdudiyyətlərin qoyulması ajiotaji daha da artırır, psixoloji təsir göstərir. Nəticədə insanları daha çox xarici valyuta almağa meylləndirir, qara bazarı inkişaf etdirir. Eyni zamanda dünən manatın dollara olan məzənnəsində son aylara nisbətən ən yüksək (0.80 AZN) düşüşünü izlədik, amma Mərkəzi Bank bunun səbəbləri ilə bağlı hər hansı bir açıqlama vermədi”.
İqtisadçıya görə, Azərbaycan idxaldan asılı ölkə olduğu üçün problem daha da dərinləşə bilər: “Azərbaycan demək olar ki, bütün sektorlar üzrə idxaldan asılı bir dövlətdir. Təbii ki, dollarla bağlı məhdudiyyətlərin qoyulması iş adamları üçün çətinliklər yaradır. Çünki onlar məcburdur ki, xarici valyutanı qara bazarda daha yuxarı məzənnə ilə alsınlar. Nəticədə son zərbə istehlakçının cibinə dəyir və qiymətlərin bahalaşmasını daha da sürətləndirir”.
Vüsalə Rüstəmova
Gununsesi.info











