Dollar təzyiqi: Yıldırımdan rubl, rial və lirə açıqlaması

Dollar təzyiqi:


Son günlər Azərbaycanın əsas ticarət tərəfdaşı olan qonşularında milli valyutanın dəyər itirməsi ciddi narahatlıq yaradır.

Gununsesi.info xəbər verir ki, bu barədə yaşanan narahatlıqla bağlı Türkiyə Baş naziri Binəli Yıldırım açıqlama yayıb. Yıldırım bildirib ki, son bir həftədə baş verən hadisələr yeni dünya müharibəsi suallarını gündəmə gətirib və bu da iqtisadiyyatda özünü göstərib.

“Bu sualların nəticəsində, məsələn. İranda rial 48, Rusiyada rubl 13 faiz dəyər itirib. Bizdə isə milli valyutanın 1-2 faiz səviyyəsində gerilədiyi müşahidə olunur. Bunu fürsət bilənlər “Türkiyə iqtisadi krizə girir” deyə kampaniya aparırlar”, – Yıldırım deyib.

Baş nazir yaşananlarla bağlı gərəkli tədbirlər görüldüyünü vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın son sanksiyalarından sonra Rusiyada rubl kəskin dəyər itirərək, 1 dollar 64,5 rubla qalxmışdı ki, bu da son ilin rekordu hesab edilirdi. Lakin dünya bazarında neftin bahalaşması və Rusiya Mərkəzi Bankının müdaxiləsindən sonra rubl bir qədər gücləndi. Hazırda Moskva birjasında 1 dollar 62 rub civarındadır.

Ən ciddi çalxalanma isə İran rialında (tümən) yaşandı. Bir həftə öncəyədək 3.800-4.200 tümən civarında olan dollar həftənin əvvəlində 6 min tümənə qalxdı. Daha sonra Mərkəzi bankın müdaxiləsi ilə 4.200 məzənnə təyin edilsə də, hazırda 1 dollar 5.300 tümən civarındadır.

Bu çalxalanmalar Azərbaycanda da qısa müddətlik narahatlığa səbəb oldu. Lakin inzibati amillərlə qorunan manatın məzənnəsində heç bir dəyişikliyin olmaması, üstəlik neft qiymətlərinin artımı milli valyutaya inamı artırdı və narahatlıq artıq geridə qalıb.

Gununsesi.info

COMMENTS