Donbassdakı Ukrayna qoşunları tam döyüş hazırlığı vəziyyətinə gətirilib və istənilən an hücuma keçməyə hazırdır.
Gununsesi.info virtualaz.org-a istinadla xəbər verir ki, bu haqda strana.ua Ukrayna ordusunun komandanlığındakı mənbələrə istinadən bildirir.
Məlumata görə, hazırda Ukrayn Silahlı Qüvvələri Donets və Luqansk separatçılarının mövqelərinə xeyli yaxınlaşıblar, mövqelər arasında cəmi bir neçə yüz metr məsafə var. Hər gün atışmalar baş verir, eyni zamanda Baş qərargahdan hər gün yoxlama gəlir və ön xəttə cəmləşdirilmiş qoşunların təchizatı, texnikanın vəziyyəti, şəxsi heyətin qidalanması və s. yoxlanılır.
Ukrayna Müdafiə Nazirliyindəki mənbə deyib ki, Donbassın separatçılardan təmizlənməsinin bir neçə variantı hazırlanıb. Hazırda Ukrayna ordusu separatçıların qüvvələri üzərində böyük üstünlüyə malikdir-həm texnika, həm canlı qüvvə, həm döyüş təcrübəsi və təchizat baxımından. “Baş qərargahda Qarabağdakı son müharibənin təcrübəsini diqqətlə öyrəniblər, plana əsasən Donetsk və Luqansk regionlarının əhəmiyyətli hissəsəsini azad etmək nəzərdə tutulur. Hər şey hazırdır, təkcə Ali baş komandanın əmri gözlənilir”,-mənbə bildirib.
Mənbə əlavə edib ki, hücum planı Qarabağdakı müharibənin təcrübəsinə əsaslanır və əsas vurğu pilotsuz təyyarələrdən geniş istifadəyə yönəldiləcək.
Bununla belə yüksək rütbəli ukraynalı hərbçi deyib ki, Rusiyanın münaqişəyə birbaşa müdaxiləsi də istisna olunmur. Bu varianta qarşı Ukrayna Müdafiə Nazirliyinin ehtiyat planı var, plana əsasən Rusiya öz qoşunlarını separatçıların köməyinə göndərsə Ukrayna ordusu mühasirəyə düşməmək üçün geri çəkiləcək.
Artıq indidən Donbassda Rusiya radioelektron mübarizə kompleksləri işləyir, Donetsk və Luqansk vilayətləri ilə sərhəddə Rusiya ordusunun bir neçə iri birləşmələri cəmləşdirilib. “Bizim qiymətləndirmələrimizə görə, Rusiya ordusunun döyüş hazırlığı vəziyyətinə gətirilməsi və Donbassa yeridilməsi üçün bir sutkadan da az vaxt lazımdır”,-mənbə belə deyib.
Qeyd edək ki, Ukrayna ordusunun separatçı Donetsk və Luqansk regionlarına hücum planı Azərbaycan ordusunun Qarabağda qazandığı qələbənin ardınca aktuallaşıb. Ukrayna ordusunun komandanlığı Azərbaycan ordusunun döyüş təcrübəsini öyrənməyə başlayıb, bu təcrübəyə əsaslanan hərbi təlimlər keçirib. Eləcə də Türkiyədən “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin yeni partiyasını əldə edib. Son həftələr ərzində Ukrayna ordusunun tezliklə hücuma keçəcəyi haqda müxtəlif mənbələrdən xəbərlər yayılmaqdadır. Rusiya bəyan edir ki, Ukrayna hücum etsə Donbası tək buraxmayacaq…
Gununsesi.info