Dondurma alanda diqqətli olun! – XƏBƏRDARLIQ

İsti yay günlərində sərinləmək üçün dodurmadan istifadə edənlər az deyil.

Amma bizi sərinlədən dondurmalar sağlamlığımız üçün təhlükəsiz də deyil. Müşahidələr göstərir ki, hazırda satışda kifayət qədər saxta, keyfiyyətsiz dondurmalar var.

HTML tutorial

Qida Təhlükəsizlik Agentliyindən (AQTA) Gununsesi.info-ya verilən məlumatda bildirilib ki, dondurmaları digər qida məhsulları ilə bir yerdə saxlamaq tövsiyə olunmur:

“Havaların kəskin isinməsi ilə əlaqədar insanların dondurmaya olan təlabat arıb. Dondurma məhsulunun keyfiyyəti onun tərkibindən və saxlanma şəraitindən asılıdır.

Dondurma alarkən mütləq şəkildə qablaşdırmanın üzərində olan etiket məlumatlarını oxumaq lazımdır. Məhsulun istehsal tarixi, yararlılıq müddəti, qida dəyəri göstəriciləri, xüsusilə yağ tərkibi diqqətə alınmalıdır. Küçə və parklarda açıq şəraitdə qablaşdırılmamış silindr qablarda satılan dondurmaları alarkən məhsulun saxlanma şəraitinə xüsusi diqqət etmək lazımdır.

Çünki antisanitar şəraitdə satılan dondurmalar asanlıqla təhlükəli məhsula çevrilə bilər. Bu cür dondurmaların istehlakı insanlarda qida zəhərlənmələrinə, bağırsaq çöplərinin yaranmasına və digər xəstəliklərə yol aça bilər.

Dondurmaların digər qida məhsulları ilə bir yerdə saxlanılması tövsiyə edilmir. Çünki digər qidalarla eyni soyuducuda saxlanılması məhsulun orqanoleptik göstəricilərinə (iyi, dadı), keyfiyyətinə təsir etməklə yanaşı, onun tərkibində mikroorqanizmlərin inkişafına da səbəb olur. Dondurma istehsalında xammal olaraq istifadə olunan süd mikroorqanizmlərin inkişafı üçün əlverişli mühitdir. Donduram tam olmalıdır. Əgər tamlığı pozularsa və ya istehlak edərkən içərisində buz kristalları müşahidə olunarsa, bu, dondurmanın donunun açıldıqdan sonra təkrar dondurulduğunu göstərir. Həmin məhsulların istehsal tarixi bitməsə belə, istehlakı tövsiyə edilmir”.

AQTA-dan verilən məlumata görə, saxlanma temperaturu dondurmanın keyfiyyətini təmin edən əsas səbələrdəndir:

“Saxlanma temperaturuna riayət edilmədikdə bu insan orqanizmi üçün təhlükə yarada bilər.

Sutka ərzində 300-400 qramdan çox dondurma yemək tövsiyə olunmur. Çünki normadan artıq istehlak yuxarı tənəffüs yollarının iltihabına, piylənməyə səbəb ola bilər.

Agentlik tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları risk əsaslı nəzarətə cəlb edilir. Məhsullardan nümunələr götürülərək, Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Müayinələr nəticəsində təhlükəsizlik göstəriciləri uyğun olduqda dondurmalar yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edilir”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, yalnız bir dondurma istehsalçısının məhsuluna etibar edirlər:

“Dondurma sərinlədici məhsuldur. Onun yağlılığını aradan qaldırmaq üçün tərkibinə kərə yağı qarışdırmalıdır. Bəzən dondurmanı yeyərkən boğazda, dildə acı dad hiss oluna bilər. Bu o deməkdir ki, yağlılığını aradan qaldırmaq üçün tərkibinə bitki yağı qatıblar. Əksər hallarda vaxtı keçmiş marqarin və bitki yağları qarışdırılır. Ölkənin əmtəə bazarında 20-dən çox dondurma istehsalçıları fəaliyyət göstərir. Azad İstehlakçılar Birliyi Amerika Birləşmiş Ştatlarının İnkişaf Agentliyinin layihəsi çərçivəsində yalnız bir dondurma istehsalçısına Iceland dondurma istehsalçısına “Qida təhlükəsizliyi nişanı” verib. Digər dondurma istehsalçıları bu nişana layiq olmayıblar. Həmin müəssisənin istehsal etdiyi dondurmlar xarici bazara – Afrika və digər ölkələrə də çıxarılır.

Dondurma bazarında böyük hərc-mərclik mövcuddur. Vaxtı keçmiş dondurmaların əhaliyə satılması, standartlara uyğun dondurmanın hazırlanmaması və xaricdən gələn dondurmanın yerli istehsalçı tərəfindən mal nişanının təhrif olunması kimi hallar baş verir. “Aero” dondurması “Aergo” adı altında saxtalaşdırılıb, satılması mövcuddur. “Aero”nun rəsmi distrübüteri “Nestle” şirkətidir. Belə bir dünyaca məşhur şirkətin dondurmasının “Aergo” adı altında saxtalaşdırılaraq satılması Azad istehlakçılar Birliyini təəssüfləndirir. Dondurmaların açıq satışında da problemlər yaşanır. İstehlakçılar bilməlidirlər ki,  xarici ölkələrdən gətirilən dondurmalar, yerli istehsala nisbətən daha risklidir. Xaricdən gətirilən dondurmaların əgər kağızları əzilibsə, bu o deməkdir ki, onlar istilik temperaturuna məruz qalıb və yenidən dondurublar. Bu artıq çirklənmiş bir dondurmadır”.

Gununsesi.info