Dövlət babanın silləsi hər kəs üçündür – Şair Yusif Nazim yazır…

  • By arzu
  • 23 May 2020 12:39
Karantin davam edən bu dövrlərdə həm bəzi işlərlə əlaqədar, həm də vətəndaşı və qanuna münasibəti yaxından müşahidə etmək üçün, Nazirlər Kabineti yanında operativ qərargahın təşkil etdiyi icazə xidmətindən istifadə edərək, iki-üç dəfə rayon mərkəzinə getmişəm. Mənimlə yol yoldaşı olan kənd sakinlərinin vaxt müddətinə saniyəsinədək əməl etməsi, yolda polislərin hər kəsin şəxsiyyət vəsiqəsini və sms icazə vərəqini yoxlaması məndə xoş təəssürat doğurdu. Bu prossesi müşahidə etdikcə düşündüm ki, kaş, bütün məmurlar, icra başçıları, nazirlər və digər dövlət işində çalışan şəxslər qanundan beləcə qorxa, qanuna nöqtəsinə, vergülünə qədər əməl edə. Təbii ki, yazanda orfoqrafiya qaydalarına əməl edirlər, mən elə əməldə əməl etmələrini nəzərdə tuturam.
Burada “qorxmaq” felini əbəs yerə işlətmədim. İnsan Allahdan qorxmasa, cəhənnəmdən hürkməsə, nələr etməz, nələr. Hələ hürkə-hürkə bu boyda həngamə çıxarırsa, gör, hürkməsə neyləyər? Dövlət sistemində də məmurda qorxu olmalıdır. Təbii ki qorxusu var. Gör, hələ qorxa-qorxa belə nadanlıq edirsə, qorxmasa neyləyər? Amma, bəzi xırda məmurlar elə zənn edirlər ki, onlar xırdadırlar deyə, onlarla Dövlətin işi olmaz. Uşaqdan kim inciyər axı? Uşaqdır da, ağlı kəsmir. Lakin, DTX-nın son İsmayıllı olayı, icra nümayəndəsinin həbsi, rayonlarda xırda məmurların da kürkünə birə saldı. Bəli, Dövlət babanın silləsi hər kəs üçündür. Bu sillə nazirə də, icra başçısına da dəyə bilər, bapbalaca icra nümayəndəsinə də. Dövlət baba hirslənsə, lap şairin də qulağına bir sillə çəkə bilər. Şair göydən düşməyib ki, qanunu pozsa, o silləyə layiqdir, əlbət. Dövlət içində dövlət qurmaq, Dövlətlə Xalq arasında uçurum yaratmaq qəti şəkildə yol verilməzdir. Bəs, bunu necə yaradırlar? Bilmədiyiniz kimi, görmədiyiniz kimi. Görüb də, bilib də, dillənməyə qorxdunuz kimi.
Əgər siz qorxaqsınızsa, buna qanun neyləsin? Vətəndaş öncə qanundan xəbərdar olacaq, hüquqlarını biləcək, haqqı tapdanan zaman aşağıdan yuxarıya doğru aidiyyatı qurumlara müraciət edəcək. Lap elə götürək, karantin müddətində yardım məqsədilə 190 manatın verilməsini. Sən vətəndaş portalda qeydiyyatdan keçməsəydin, Dövlət sənə elan etdiyi 190 manatı verəcəkdimi? Əsla! Deməli, müraciət etməlisən. Baxılmasa, həmən aidiyyatı qurumun tabe olduğu idarəyə müraciət edəcəksən. Necə deyərlər, dəvədən böyük fil var. Vətəndaş öncə Dövlətə söykənməlidir. Əgər Dövlət vətəndaşın arxasından çəkilsə, o zaman haqqındır, giley-güzar et Dövlətdən. Dövlət vətəndaşın arxasından çəkilərmi? Bəli. Necə? Dövlət içində qruplaşma olanda. Sən icra başçısına və ya prokurora müraciət edirsən, o da yuxarıdakı “day-dayı”na arxayındır deyə və həm də yuxarıdakı “day-dayı” özü bu Dövlətə xəyanət edir, onda sənin işinə baxan olmayacaq! Bəs, onda neyləməli? Sən vətəndaş küt olmamalısan. Dövlətçilik təfəkkürün olmalıdır, konstitusion düşüncən olmalıdır. Bir sözlə, haqqını tələb etməkdə israrlı olmalısan, mübarizə üsulun olmalıdır. Kəndinin bir çox məktəb müəllimlərini örnək almamalısan. Bəradər, o, o zaman idi – Sultan Mehmet Fatehi müəllimi Ağ Şəmsəddin yetişdirdi – indiki müəllimlərə çox da güvənməyəcəksən. Əlinin altında internet, boş-boş informasiyalarla qidalanırsan. Yadına düşürmü haçansa qanun portalına baxmağın? Bəli, baxmamısan. Yol hərəkəti qaydalarını bilib, əməl etdiyin halda səni saxladan yol polisi sənə cərimə yaza bilərmi? Bilməz. Amma, yox, yaza da bilər. Ola bilər ki, sən qorxundan susarsan, o da yazar, sən də ödəyərsən.
Oxucu, yeri gəlmişkən, sənə bir əhvalat danışım. Mən kollecdə oxuyanda, bizim tələbə biletimizi vermirdilər. Niyə? Çünki, hər kəs 20 manat verdiyi halda, mən verməmişdim. Təsəvvür edin, imtahan verib kollecə və ya universitetə qəbul olmusan, haqqın olan tələbə bileti üçün səndən pul istəyirlər. Tələbə yoldaşlarım isə, “sənin ucbatından bizim də biletimizi vermirlər, sən də ver də. Sənə görə, biz, qapıda gözləməliyik?” deyirdilər. Haqqımı tələb etdim. Tələbə yoldaşlarım nədən qorxurdular? Birdən, indi pul verməsələr, imtahanda bunları kəsə bilərlər.
Təbii ki, mən pul vermədim. Heç imtahanda da pul vermədim, diplom alanda da pul vermədim. Az da olsa, oxudum, imtahanda mövzunu olmasa da, bildiyimi danışdım. “Mövzu bu deyil, sən nə danışırsan?”, – deyən müəllimlərə isə, mən yenə bunu bilirəm, o birilər isə, heç bunu da bilmir, deyib, mübarizə apardım. Hətta, plan qurmuşdum ki, əgər direktor diplomumu verməsə, gedib kənddən bir gürzə tutub, gəlib girəcəm kabinetinə, direktorun elə kreslosunda oturduğu yerdə gürzəni boynuna sarıyacam, diplomumu tələb edəcəm. Amma, elə olmadı. Çünki, üzbəüz cəsarətlə həmsöhbət oldum, o da zəng etdi sinif rəhbərimizə, gedib diplomumu götürdüm. Bəli, xarakterin, cəsarətin olmazsa, boynu bükük, adi bir kənd icra nümayəndəsinin qarşısında əzilə-əzilə, haqqın tapdana-tapdana yaşayacaqsan.
Dediyim odur ki, ey vətəndaş, dörd şeyə baxacaqsan – Dövlətə, Dövlətin kitabına, özünə və məmura!
Dövlətin bayrağın tutan hər əl dövlətçlik təfəkküründə olmaz. Xəyanət hər zaman olub, olacaq da. Əsas olan sənin dəyanət göstərməyindir. Sarsılmaz vətəndaş olmağındır! Allah Dövlətimizi, millətimizi özümüzdən olan xəyanətkarların şərindən qorusun. Bayrağımız hər zaman dalğalansın. Amin!
Şair Yusif Nazim Ərəbsoy

Gununsesi.org