

“ASAN Xidmət” sisteminin yaradılması ictimai xidmətlər və ictimai münasibətlər sahəsində bir inqilab idi.
Gununsesi.info xəbər verir ki,bunu Azərbaycan prezidenti İham Əliyev Bakıda 1 saylı “ASAN kommunal” Mərkəzinin açılışında çıxışı zamanı deyib.
Prezident bildirib ki, “ASAN xidmət” təşəbbüsü də sosial xarakter daşıyır: “Çünki bu, vətəndaşlara göstərilən xidmətdir. Vətəndaşlar bu xidmətdən istifadə edərək heç bir çətinlik çəkmirlər. Təsadüfi deyil ki, “ASAN xidmət”in bəyənilmə əmsalı təxminən 100 faizə yaxındır. Yəni, bu, camaatın, insanların bu xidmətə verdikləri qiymətdir. Son bir neçə il ərzində 13 milyon müraciət olub. Yəni, bu, doğrudan da ölkəmizdə geniş vüsət alıb. Həm “ASAN xidmət”in coğrafi əhatəsi genişlənir, həm də funksiyaları artır. Artıq bizim 11 mərkəzimiz var. Onlardan altısı bölgələrdə yerləşir. Gələn il Quba və Mingəçevir şəhərlərində iki yeni mərkəz açılacaq. Gələn il, eyni zamanda, digər iki şəhərimizdə – Şəkidə və İmişlidə növbəti mərkəzlərin tikintisi başlanacaq”.
Ölkə başçısı əlavə edib ki, “ASAN səyyar” xidməti göstərilir. “Bu gün biz “ASAN qatar” sistemini də işə salacağıq. “ASAN viza” artıq fəaliyyət göstərir. Mənə verilən məlumata görə, artıq bu proses başlayır və əminəm ki, gələn il çox geniş vüsət alacaq. Bu da “ASAN”ın növbəti addımıdır. Beləliklə, “ASAN xidmət” öz fəaliyyətini genişləndirir. Mən bir neçə dəfə demişəm ki, “ASAN xidmət”də mövcud olan mədəniyyət, mədəni xidmət, qayda-qanun, nizam-intizam, şəffaflıq hər bir yerdə olmalıdır. Ona görə “ASAN xidmət” hər bir sahədə öz təsirini göstərməlidir və göstərir”- deyə, ölkə başçısı vurğulayıb.
İ.Əliyev deyib ki, əslində, bu sistemin yaradılması ictimai xidmətlər və ictimai münasibətlər sahəsində bir inqilab idi: “Bu, özlüyündə böyük bir irəliləyiş, böyük bir yenilikdir. Ancaq “ASAN xidmət”in təsiri təkcə bundan ibarət deyil, bu mərkəzlərdə göstərilən xidmətlərlə məhdudlaşmır. “ASAN xidmət”, ümumiyyətlə, vətəndaş-məmur münasibətlərinə yenilik gətirdi, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da böyük güc verdi. Yəni, göstərdi ki, rüşvətxorluqla mübarizə aparmaq və qələbə çalmaq da mümkündür. Bax, “ASAN xidmət”in mənası və əhəmiyyəti bundan ibarətdir”.
Gununsesi.info