2025-ci ilin 9 ayında xəzinədarlıq orqanları tərəfindən 1 milyon 124 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin gəlirləri 29 142,4 milyon manat təşkil edib ki, bu da doqquz aylıq proqnozu 675,2 milyon manat və ya 2,4 faiz üstələyib.
Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 4 748,0 milyon manat təşkil edərək proqnoza qarşı 98,4 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 480,2 milyon manat təşkil edərək proqnoza qarşı 73,3 faiz icra olunub.
Dövlət büdcəsinin xərcləri isə 2025-ci ilin 9 ayı ərzində 24 668,2 milyon manat məbləğində icra edilib.













