Dövlət Departamenti Bakı-Yerevan dialoqunda yüksək səviyyədə iştirakı davam etdirməyə söz verir

  • By admin
  • 12 Oktyabr 2022 14:40

 

“Vaşinqton konkret nəticə vəd edə bilməsə də, söz verə bilərəm ki, bu məsələ bizim üçün prioritet olaraq qalacaq”.

Gununsesi.info bildirir ki, “Turan”ın xəbərinə görə, bunu oktyabrın 11-də brifinqdə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı deyib. “Turan”ın müxbirinin ABŞ dövlət katibinin yaxın həftələrdə və ya aylarda bu münaqişəni öz işləri siyahısına daxil etməyə hazır olub-olmadığı haqqında sualına cavabda Ned Prays vurğulayıb ki, Amerikanın bu prosesdə yüksək səviyyədə iştirakının davam etdiyini görmək olar: “Dünən (oktyabrın 10-da) dövlət katibi Ermənistan və Azərbaycan liderləri ilə danışıb. Bu məsələ üzrə baş müşavirimiz Fil Riker hər iki ölkənin məsul şəxsləri ilə hər gün əlaqə saxlayır. Odur ki, biz bu məsələ ilə məşğul olmağa davam edəcəyik. Vaşinqton konkret nəticə vəd edə bilməsə də, söz verə bilərəm ki, bu məsələ bizim üçün prioritet olaraq qalacaq”.

Oktyabrın 10-da ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla danışıb. Rəsmi açıqlamalara görə, telefon danışıqlarında iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqların aparılmasının əhəmiyyətindən bəhs edilib. Habelə, Azərbaycan prezidenti ilə söhbətdə Qarabağda yaşayan etnik erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin təmin olunması üzrə müzakirələr təqdir edilib.

Ötən həftə, oktyabrın 6-da isə Praqada İ.Əliyev, N.Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı (Aİ) Prezidenti Şarl Mişelin dördtərəfli görüş olub. Yelisey sarayının həmin görüşdən sonra yaydığı bəyanatda qeyd edilib ki, Azərbaycanla Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır: “Ermənistan Azərbaycanla sərhəddə mülki Aİ missiyası göndərilməsinə razılıq verib. Azərbaycan da bu missiya ilə əməkdaşlığa razılaşıb. Missiya oktyabrda başlayacaq, maksimum iki ay müddətinə gerçəkləşəcək. Missiyanın məqsədi inam yaratmaq, hesabatları ilə sərhəd komissiyalarının işinə töhfə verməkdir”.

Gununsesi.info