ABŞ Dövlət Departamenti Roma Papası Fransiskin Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı rezonans doğuran bəyanatına münasibət bildirib.
Gununsesi.info xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib.
Dövlət Departamentinin sözçüsünün sözlərinə görə, Birləşmiş Ştatlar Ukrayna prezidenti Vladimir Zelenskinin “sülh formulu”nu, eləcə də Ukraynanın müharibəyə son qoymaq səylərini dəstəkləyir.
“Ancaq bu, Vladimir Putindən işğalı, Ukrayna ərazisini ələ keçirməyə və saxlamaq cəhdlərini dayandırmağı və danışıqlara razılıq verməyi tələb edir və o, hələlik buna razı deyil”, – Miller əlavə edib.
Xatırladaq ki, Roma Papası Fransisk müharibədən danışarkən demişdi ki, Ukrayna “ağ bayraq cəsarətinə” malik olmalı və danışıqlara hazır olmalıdır. Vatikan nümayəndəsi əlavə şərhində qeyd edib ki, pontifikin bəyanatı Ukraynanın kapitulyasiyasına çağırış deyil.
Papanın sözləri geniş əks-sədaya və çoxlu tənqidi şərhlərə səbəb olub.
Belə ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Roma Papası işğalçı qoşunların Ukraynadan çıxarılması üçün Rusiya prezidenti Vladimir Putinə müraciət etməlidir.
Avropa Komissiyasının xarici siyasət üzrə nümayəndəsi qeyd edib ki, dünya “bir şəxsin – Rusiya prezidentinin əlindədir, çünki müharibə onun sayəsində başlayıb və davam edir.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Roma Papasına cavab verib ki, Ukrayna bayrağı ağ deyil, mavi və sarıdır.
Gununsesi.info