Dövlət iki cəbhədə müharibə aparır – DEPUTAT

Dövlətimiz hazırda 2 cəbhədə müharibə aparır. Bir tərəfdən, Azərbaycan-Ermənistan sərhədi boyunca ermənilərin təcavüzünü dəf edib onlara layiqli cəzalarını verir, digər tərəfdən, bütün ölkə miqyasında davam edən pandemiyanı cilovlamaq və insanların həyatını xilas etmək üçün lazım olan tədbirləri həyata keçirir.

Son günlərdə cəbhə xəttində şəhid olan əsgər və zabitlərimizin dəfn mərasimlərində çoxsaylı vətəndaşlarımız iştirak edir, şəhid olmuş qəhrəman hərbçilərimizə ehtiram nümayiş etdirirlər. Eyni zamanda Bakının müxtəlif rayonlarında, küçə və meydanlarda ordumuza dəstək yürüşləri keçirilib. Bütün bu tədbirlər vətəndaşlarımızın vətənpərvərlik ruhunun yüksək səviyyədə olmasının göstəricisidir.
Lakin dünən gecə Milli Məclisin qarşısındakı meydanda toplaşmaq və daha sonra polis qüvvələrinə müqavimət göstərməklə MM-in binasına daxil olmaq və orada talançılıq etmək cəhdləri birmənalı olaraq düşmən əməlidir.
Bu, 90-cı illırin əvvəllərində qoşunlarımız Qarabağı düşməndən azad edərkən Ermənistanın və onun himayədarlarının Bakıda törətdiyi təxribatların təkrarıdır. Bu təxribatı törədənlər birmənalı olaraq casuslar və xainlərdir, onlara qarşı ən sərt tədbirlər görülməlidir. Vətəndaşlar ayıq-sayıq və diqqətli olmalı, casusların hiylələrinə aldanmamalıdır. İki cəbhədə müharibə getdiyi və hərbiçilərimiz vətənimiz üçün öz canından keçdiyi bir zamanda hər bir Azərbaycanlı Dövləti, Ordunu və Xalqımızı qorumaq üçün çalışmalıdır.
Allah Şəhidlərimizə rəhmət eləsin!

Cavanşir Feyziyev
Milli Məclisin deputatı