Dövlət Neft Fondu Beynəlxalq Bankdakı depozitlərinin  aqibətinə  aydınlıq gətirdi

  • By admin
  • 16 May 2017 10:30

fond

Azərbaycan Dövlət Neft Fondunun  1 milyard dollarlıq valyutasının aqibəti sual altındadır. Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 3,3 mlrd. dollar həcmində borcun restrukturizasiyasına (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) dair  Nyu-York məhkəməsi qərar qəbul edib.

Restrukturizasiya Planına görə, bankın xarici  borclarının ödənilməsini  Azərbaycan dövlət üstələnir.  Burada təqribən 3.3 milyard dollarlıq borcdan söhbət gedir ki, onun da 1 milyard dolları Dövlət Neft Fondunun depozitləri təşkil edir. Əgər borcları dövlət üstələnəcəksə, o zaman Fondun depozitlərinin taleyinin necə həll olunacağı sual altına düşür.

Gununsesi.info-nun sorğusuna Dövlət Neft Fondu tərəfindən verilən açıqlamada bildirilir ki, bununla bağlı qərar 23 may tarixində Londonda kreditorların ilk görüşündə veriləcək:  “2016-cı il 18 mart və 12 may tarixlərində ARDNF tərəfindən Azərbaycan Beynəlxalq Bankına, hər birinin dəyəri 500 mln. ABŞ dolları olmaqla, ümumi məbləği 1 mlrd. ABŞ dolları təşkil edən iki depozit yerləşdirilib.

2017-ci il 16 mart və 8 may tarixlərində sözügedən depozitlər daha bir il müddətinə uzadılmışdır.

Artıq məlum olduğu kimi, 11 may 2017-ci il tarixində Azərbaycan Beynəlxalq Bankının qəbul edilmiş Restrukturizasiya Planı açıqlandı. Qeyd olunun sənəddə xarici kreditorlardan xarici valyutada cəlb olunmuş öhdəliklərin (ticarətin maliyyələşdirilməsi əqdləri üzrə faiz ödənişləri istisna olmaqla) icrasının dayandırıldığı əks olunub. Restrukturizasiya Planında əlavə olunmuş kreditorların siyahısında ARDNF də qeyd edilib”.

Açıqlamada qeyd edilir ki, hazırki mərhələdə Restrukturizasiya Planında kreditorlar komitəsinin yaradılması və digər detallar ilə bağlı hər hansı bir dəqiqləşdirmə verilməyib: “Əlavə olaraq qeyd etmək istərdik ki, 2017-ci il 23 may tarixində Londonda kreditorların ilk görüşünün keçirilməsi nəzərdə tutulub və ARDNF-də bu iclasda iştirak edəcəkdir. Görüş zamanı Restrukturizasiya Planı haqqında daha ətraflı məlumatın əldə ediləcəyi gözlənilir. Bu, bizə gələcək tədbirlər planının müəyyən edilməsinə və ictimaiyyətin məlumatlandırılmasına  dair imkanlar yaradacaq”.

Vüsalə Rüstəmova

Gununsesi.info