Dövlət ona yük olan şirkətlərdən xilas olmalıdır - MÜRTƏZA BÜNYADLI YAZIR

  • By admin
  • 04 İyul 2017 17:25

murteza bunyadli

Azərbaycanın mövcud iqtisadi durumu iqtisadi islahatların sürətləndirilməsini və dövlətə yük olan bir sıra dövlət şirkətlərindən tezliklə xilas olmasını zəruri edir. Çünki indiki ağır iqtsadi, maliyyə çətinliyi dövründə bütün problemlərin dövlətin üzərinə yüklənməsi və dövlətin bu prosesi irəliyə aparması qeyri-mümkündür. Və dövlətə həddən artıq əlavə yükdür.

Baxmayaraq ki, Azərbaycanda iqtisadiyyatın liberallaşdırılması elan edilsə də, ölkə iqtisadiyyatında hələ də dövlət nəzarətində olan şirkətlərin payı üstünlük təşik edir. Bu gün SOCAR və onun tərkibindəki “Azəriqaz” və “Azərkimya” istehsalat birlikləri, “Azərsu” ASC,  AZAL,  “Azərişıq” ASC,  “Azəristiliktəchizat”, Xəzər Dəniz Gəmiçiliyi və digər bu kimi şirkətləri buna misal çəkmək olar. Bu şirkətlər dövlətin əsas gəlir gətirən şirkətləri olmalı olduğu halda bu gün rentabelli fəaliyyət göstərə bilmədiyindən dövlətə əlavə yük olamaqla yanaşı, ölkədəki iqtisadi proseslərin irəli aparılmasında, islahatların həyata keçirilməsində süni maneələrə səbəb olur. Bu şirkətlərə öz fəaliyyətlərini müasir dövrün iqtisadi tələblərinə uyğun qurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi, effektli idarəetmə sisteminin yaradılması və şəffaflığın, hesabatlılığın təmin edilməsi istiqamətində dövlət büdcəsindən milyaradlara vəsait ayrılsa da, ortada nəticə yoxdur. Əksinə, bu şirkətlər bu müddət ərzində aldıqları milyardlara vəsaiti  təyinatı üzrə düzgün və səmərəli istifadə edə bilməyib, effektli, optimal idarəetmə sistemi yarada bilmədiyindən vəziyyət daha böhranlı hal alıb. Yəni bu şirkətlərdə baş verən korrupsiya halları, ayrılan vəsaitlərin qeyri-şəffaf istifadəsi, effektsiz idarəetmə nəticəsində bu şirkətlər dövlətə əlavə yükə çevriliblər.

Hansı ki, dövlət bu şirkətlərə maliyyə dəstəyi göstərməklə bu şirkətlərin qısa zaman ərzində effektli optimal idarəetməni təşkil etməklə büdcəyə gəlir gətirməsini nəzərdə tuturdu. Ancaq bu iri dövlət vergi ödəyicilərinin əksəriyyətinin büdcəyə vergi borcları qalır.

Nəticə isə göz qarşısındadır. Bu gün adıçəkilən dövlət şirkətlərinin milyardlarla manat dövlətə borcu var və bu borclar ilbəil artmaqdadır.

Eyni zamanda, xarici maliyyə qurumlarında dövlət zəmanəti əsasında böyük həcmdə kreditlər alırlar. Əlbəttə, onların geri qaytarılmasının böyük əksəriyyəti dövlət büdcəsinin boynundadır.

Adıçəkilən dövlət şirkəti və müəssisələrinin idarəedilməsinə yeni yanaşma tətbiq etməyincə, yaxud da onların dövlətsizləşdirilərək uzun müddətli idarəetməyə verilməyənə və özəlləşdirilməyənədək uğurlu nəticə gözləməyə dəyməz. Ona görə də hökumət çevik və səmərəli idarəetmə metodunu seçib islahatları həyata keçirməklə, Azərbaycanın qlobal iqtisadi böhrana qarşı müqaviməti təmin etmək olar. O baxımdan da ölkədə inkişaf proseslərinin davamlılığını təmin edən başlıca amillərdən biri də qarşıda duran strateji hədəflərin düzgün müəyyənləşdirilməsidir. Bu gerçəkliyi nəzərə almaqla Azərbaycan təcili olaraq konkret məqsədlərə yönəlmiş çevik və praqmatik iqtisadi islahatlara start verməlidir. Bu zaman hökumət ilk növbədə dövlətə yük olan müəssisələrdən xilas olmalı və onların rentabelli, səmərəli fəaliyyətini təmin etmək istiqamətində ciddi addımlar atmalıdır. Əks təqdirdə Beynəxlalq Bankda yaranmış durum təkrarlanacaq və bu şirkətlərin borcları da dövlətin üzərinə yüklənəcək. Bu da öz növbəsində ölkə iqtisadiyyatına mənfi təsirlərini göstərmiş olacaq. Nə qədər ki,  dövlət şirkətlərinin idarəolunması ilə bağlı düzgün qərar verilməyib, o vaxtadək bu şirkətlər ölkədə həyata keçirilən islahatlara süni əngəllər yaratmaqla iqtisadiyyatın davamlı inkişafının qarşısını alacaq.

Mürtəza Bünyadlı

Gununsesi.info