Hesablama Palatasının ötənilki dövlət büdcəsinin icrası barədə rəyində “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”ndan vəsait istifadəsinə dair göstəricilərə də yer verilib.
Gununsesi.info bildirir ki, fond ötən il 1 milyard 215 milyon manat, 58 milyon dollar və 29.8 milyon avro, yəni toplam 1 milyard 374 milyon manat xərcləyib.
Qeyd edək ki, adıçəkilən Təminat Fondu dövlət zəmanəti ilə götürülən borc öhdəliklərinin ödənilməsi üçün yaradılıb.
Fondun ötənilki xərclərinin 880 milyon manatı dövlət büdcəsinə transferlərdir. Daha 493.6 milyon manat bir sıra dövlət müəssisəsinin dövlət zəmanəti ilə alınmış borclara görə üzərilərinə düşən öhdəlikləri yerinə yetirə bilməməsi səbəbindən ödənilib.
Sual doğur: Fond ən çox hansı dövlət şirkətinin borclarını ödəyib?
Hesablama Palatasının açıqladığı rəqəmlərə görə, ötən il Təminat Fondu hesabına ən çox Dövlət Neft Şirkətinin (SOCAR) borcları ödənilib – 215.1 milyon manat. Ən çox borcu ödənilən ikinci qurumsa “Aqrarkredit” QSC-dir. 2021-ci ildə adıçəkilən fond hesabına bu qurumun 120 milyon manatlıq borcu ödənilib. Növbəti ən çox borcu ödənilən dövlət şirkəti “Azərenerji” ASC-dir.
Ötən il “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu” hesabına həmin qurumun 101.2 milyon manatlıq borc öhdəliyi ödənilib.
Təminat Fondu hesabına ən çox borcu ödənilən dördüncü şirkət “Azərbaycan Hava Yolları” (AZAL) QSC-dir. Ötən il fond AZAL-a məxsus 34.8 milyon manat borcu ödəyib.
Qeyd edək ki, bütün xarici dövlət borcunun 40 faizə yaxınını Maliyyə Nazirliyi cəlb edib.
Ardınca Dövlət Avtomobil Yolları Agentliyi gəlir.
Mövcud xarici borc portfelində agentliyin payı 30.6 faizdir. “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” ASC və Kənd Təsərrüfatı Nazirliyi də xarici dövlət borcunun əsas icraçıları arasındadır.
Günay