
Bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da “COVİD 19” pandemiyası səbəbilə karantin rejimi uzadılıb.
Bir neçə aydır ki, ölkəmizdən də yan keçməyən virusa görə bütün dövlət qurumları öz qapısını ölkə vətəndaşının üzünə bağlayıb.
Əlbəttə ki, bunun əsaslandırması “virusun daha geniş yayılmasının qarşısını almaqddan ibarətdir” deyənlər haqlı ola bilər.
Ancaq bizimlə birlikdə karantin rejimini saxlayan bir sıra Avropa ölkələrində dövlət strukturlarında vətəndaş qəbulunun dayandırılması prosesi olmayıb, olsa da belə kütləvi xarakter daşımayıb.
İstər Gürcüstdan, istərsə də İsveç krallıı ilə bağlı kiçik araşdırmada şahidi olmadıq.
Azərbaycanda da virusun yayılma sayı getdikcə azalmaqdadır. Buna baxmayaraq, hökumət strukturlarında aylardan bəridir ki, dayandırılan vətəndaş qəbulu bərpa olunmur.
Bütün nazirliklərdə, idarələrdə Qəbul şöbəsindəki “Nazirlər Kabineti Yanında Operativ Qərərgahın müvafiq qərarı ilə vətəndaşları qəbulu dayandırılmışdır” elanları artıq insanlarda qıcıq yaratmağa başlayıb.
Həmin elanlarda yazılan telefon nömrələri isə formal xarakter daşıyır. Çünki, həmin nömrələr ya cavab vermir, cavab veriləndə isə vətəndaşın problemində hər hansı bir nəticə əldə olunmur.
Belə anlaşılır ki, pandemiya Azərbaycanda məmurların əslində vətəndaşdan yayınmaq üçün bəhanəsidir.
Əgər bu gün kollektiv iş yerləri açıqdırsa, nədən, hansısa bir nazirlikdəki məmur geniş, işıqlı kabinetində ağzında maska, məsavə qorumaqla vətəndaşı üz-üzə dinləməməlidir?
Bu gün o məmur axşam restoranlarda insanlar arasında oturub şam edə bilir amma vətəndaşı dinləmir?
Bu, hansı məntiqə sığır?
Onu da nəzərə alsaq ki, müharibə şəraiti ilə bağlı olaraq, ölkədə ciddi internet problemi var. Bir sıra yerlərdə ümumiyyətlə internet dayandırılıb. O zaman burada yaşayan insanların durumunu təsəvvür etməmək mümkün deyil.
Bu sahədə ən rəzil durum isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturlarında, habelə, Bakı Baş Təhsil İdarəsində hökm sürür.
Hər iki qurumda şəxsi tanışılıqlar və şübhəli münasibətlər varsa oraya gedən vətəndaşı məmur bayırda sakit bir yerdə şəxsən qəbul edir.
Ona görə də Operativ Qərəgah dərhal problemi yoluna qoymalıdır.
Vətəndaşın dövlət orqanlarında qəbulu onun konstitusion hüququdur.
Hansısa bir Operativ Qərərgah, yaxud da “B” təşkilatı vətəndaşı əsas hüququndan məhrum edə bilməz.
Pərviz Həşimli
Gununsesi.info