Dövlət təşkilatlarının borcları niyə artır?- SOCAR, AZƏRSU, AZAL DÖVLƏTƏ YÜKƏ ÇEVRİLİR

Dövlət təşkilatlarının borcları niyə artır?

Xəbər verildiyi kimi, dövlət sosial sığorta ödənişləri ilə bağlı yaranmış borclara amnistiya verilməsi üçün Milli Məclisə qanun layihəsi daxil olub. Qanun layihəsinə görə, əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş borcları, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyaları silinəcək.

2018-ci il aprelin 1-dən qüvvəyə minəcək 5 maddədən ibarət qanun layihəsində bildirilir ki, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

Son məlumata görə, 2017-ci ilədək belə borcların həcmi 364 milyon manat olub. Bunun 180 milyon manatı 2016-ci ilə qədər yaranan borclar olduğundan artıq müddəti ötmüş hesab edilir. Yəni qanuna görə,  borcun müddəti 3 ili ötürsə, bu ümidsiz borclar hesab edilir və birbaşa silinir. Növbəti illərdəki borclar da çox güman ki, tədricən silinəcək.

Milli Məclisin Əmək və sosial siyasət komitəsindən bildirir ki, amnistiya qərarı 373 min sığortaedənə tətbiq olunacaq. Onların 217 minI sahibkarlıq fəaliyyəti ilə məşğul olanlardır.

Burada diqqət çəkən məqamlardan biri 2016-cu ildən başlayaraq borcun sürətlə artmasıdır. Məsələn, Hesabalama Palatasının Dövlət Sosial Müdafiə Fondunun büdcə icrasına dair rəyində qeyri-büdcə təşkilatlarının 01.07.2016-ci il tarixinə görə 347 milyon manatlıq borcundan bəhs edirdi.   2017-ci ilin sonuna isə bu borc 17 milyon manat artıb. 2016-ci ilin  birinci yarısında qeyri-büdcə təşkilatlarının sosial sığorta ödənişlərindən yaranmış debutor borcu ilin əvvəl ilə müqayisədə, yəni 6 ay ərzndə  10 faiz artıb.

2016-ci ilin birinci yarısında aşağıdakı dövlət şirkətlərinin Dövlət Sosial Müdafiə Fonduna dövlət sosial sığorta borcları olub

Azərbaycan Dövlət Neft Şirkətinin 2016-ci ilin birinci yarısında 2.2 milyon manat olub. 2016-ci ilin I yarısında borcun həcmi ilin əvvəli ilə müqayisədə 1,7 milyon manat və ya 3,3 dəfə artdığı göstərilir.

-“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin 1.5 milyon manat olub. 2016-cı ilin birinci yarısında 5,7%, artıb.

-“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin 432 min manat. 2016-ci ildə (I yarısında) 45,5%, artıb.

-“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 2016-c ildə 2,9 milyon manat və ya 10,1% borcu artıb. Ümumi borc verilməyib.

İqtisadçı-ekspert Samir ƏliyevGununsesi.info”ya açıqlamasında bildirdi ki, bu borcların çoxusu büdcə təşkilatlarına, dövlət qurumlarına, bələdiyyələrə aiddir: “Bələdiyyələrdə yığılan borc onlardan asılı olmayaraq yığılan borclardır. Bələdiyyələrin orta illik büdcəsi təxminən 4-5 min manatdır. Bu məbləğlə yalnız bir adamın maaşını ödəmək olar. Amma onların başqa funksiyaları olduğuna görə işçilərin maaşlarını  verə bilmirlər. Buna baxmayaraq, verilməyən maaşa görə işçilərin sosial sığorta ödənişləri həyata keçirilir. Beləliklə, bu bir borc olaraq yığılır”.

S.Əliyev borcların artmasını neft gəlirlərinin azalmasına bağladı. Onun fikrincə, büdcə xərcləri azalıb ki,bu da ödəmələrin gecikməsinə nədən olub: “Borcların böyük hissəsi dövlət qurumları olduğuna görə onların silinməsi hüququ da dövlətə məxsusdur. İlk baxışdan bunu alqışlamaq olar. Bunu daha çox dəstək məqsədli hesab etmək olar. Amma ümumu götürəndə Azərbaycanda borcların bağışlanması tendensiyası geniş vüsət alıb. Təəssüf ki, bundan daha çox dövlət sektoru udur, sadə vətəndaş, əhali dəstəkdən kənarda qalır. Bu isə çox pis tendensiyanı nümayiş etdirir, məsuliyyətin azalmasına gətirib çıxarır. Belə bir ümid yaranır ki, dövlət yenə borcları siləcək. Əgər xırda müəssisələr borcların ödəyə bilməyəndə təzyiqlərə, sanksiyalara məruz qalırlarsa,  amma dövlət təşkilatları bu təzyiqlərdən kənarda qalırlar. Burada bir ayrıseçkilik var”.

İqtisadçının sözlərinə görə, borcun sürətlə artmasının səbəbi borcların ödənilməməsi nəticəsində üzərinə gələn cərimələrdir: “Nəticədə borcun həcmi də artır. Əslində, bu onu göstərir ki,  dövlət təşkilatları ödənilməsi istiqamətində heç bir addım atmayıb. Eyni zamanda, döclət təşkilatları ilə yanaşı özəl şirkətləri arasında da sosial sığrota ödənişləri aparmayanlar az deyil”.

 

Vüsalə Rüstəmova

gununsesi.info

COMMENTS