“Hər kəsdən bu məxluqun haqqında yazdığıma görə üzr istəyirəm və əslində yazacağım da Fuad Muradov haqqında deyil. Məsələ daha ciddidir və bu barədə də artıq azı iki dəfə yazmışam, dəfələrlə danışmışam. Azərbaycanda millətçilik, dövlətçilik, türkçülük, turançılıq adı arxasında gizlənib ən iyrənc əməllər törədən məxluqlar zaman-zaman ifşa olunurlar. Amma ona görə yox ki, onlar həmin əməlləri törədirlər. Ona görə ki, hər dəfə bir dələduz “qırmızı xətti” keçir”.
Gununsesi.info bildirir ki, bunu tanınmış ictimai xadim Ərəstun Oruclu sosial şəbəkə hesabında yazıb. Ekspert daha sonra əlavə edib:
Bəs həmin “qırmızı xətti” keçənədək niyə onlara toxunulmur, kimlər onlara meydan verir, media imkanları yaradır, onların ən murdar yollarla sərvət toplamasına şərait yaradır? Nəhayət, bütün bunları kimlər etmək gücündədir? Kimlər belə yaramazları cəmiyyətə “müəllim” deyə təqdim edir?
Bir müəllim dostum demiş: “Bizlər hər vəzifəliyə, əyninə bahalı kostyum geyinənə, bahalı maşın sürənə, cibi pul ilə dolu olana müəllim deyə müraciət etdikcə əsil müəllim dəyərinin nə və nədə olduğunu unutduq. Müəllim o kəsdir ki, boğazından, geyimindən kəsib kitab alacaq. Müəllim o kəsdir ki, doğma övladına göstərmədiyi səbri qarşındakılara göstərəcək. Müəllim o kəsdir ki, istirahəti olmayacaq…”
Həqiqətən, təsəvvür edin, sutenyorluq (buna dilimizdə baştutan deyirlər) edənə, narkotik pulu ilə cəmiyyətin “respektabelli”, yəni “hörmətli” nümayəndəsinə çevrilənə, oğruya, quldura ən aşağı yollarla əldə etdiyi sərvətə görə hörmət etdikcə, “müəllim” deyə belələrini yuxarı başa keçirdikdə belə də qalacağıq. Ən dəhşətlisi isə odur ki, belələri böyüməkdə olan gənc nəsillərə örnək olacaqlar, onlardan nümunə götürən, amma onlardan daha ağıllı, daha çevik yeni alçaqlar nəsli bir-birini əvəz edəcək.
Bir də ayılacağıq ki, artıq iş işdən keçib, heç nəyi yoluna qoymaq mümkün deyil. Fuad Muradov kimiləri dövlət tərəfindən dəstək olmadan bu ölkədə at oynada bilərlərmi? Əlbəttə ki, yox, amma onlar hakimiyyət maraqları üçün istifadə olunduqca nəinki müdafiə olunurlar, hətta cəmiyyətin “hörmətli” nümayəndələri olurlar. Problem budur.
Gununsesi.info