Dövlətin siyasi partiyalara ayırdığı vəsait simvolik xarakter daşıyır - MİLLƏT VƏKİLİ

  • By admin
  • 23 Dekabr 2016 17:14
qudret-hesenquliyev-99 
“Hazırda partiyalara ayda təqribən 7 min manata qədər pul verilir. Buradan bütün sosial xərclər, ödəmələr, kommunal xərclər çıxılandan sonra mərkəzi aparatda bir neçə nəfərə normal əmək haqqı verməkdən başqa heç bir problemi həll edə bilmir. Məsələn, nəzərə alınsa ki, partiyanın beynəlxalq əlaqələri, ezamiyyə xərcləri var, bu vəsait simvolik xarakter daşıyır”.
Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev APA-ya müsahibəsində deyib.
Onun sözlərinə görə, siyasi partiyaların ciddi maliyyələşdirilməsinə ehtiyac var: “Məsələn, nəzərə alınsa ki, partiyanın beynəlxalq əlaqələri, ezamiyyə xərcləri var, bu vəsait simvolik xarakter daşıyır”.
Q.Həsənquliyev bildirib ki, 2017-ci ilin büdcəsində  bu istiqamətdə dəyişiklik olmadı. “Hesab edirəm ki, bu da düzgün deyil. Gələn ilin büdcəsində qeyri-hökumət təşkilatlarına (QHT) ayrılan vəsaitin də həcmi azaldıldı. Bu, başa düşülür, ümumi büdcə azalırsa, QHT-lərə ayrılan vəsait də azalacaq. Amma bizim ölkədə bir çox problemlərimiz korrupsiya ilə əlaqəlidir.  Rabitə və Yüksək Texnologiyalr Nazirliyi, Beynəlxalq Bank, keçmiş Milli Təhlükəsizlik Nazirliyində baş verənlər göstərir ki, böyük miqdarda dövlət vəsaitləri mənimsənilib. Bütün bunlar ilk növbədə ona görə baş verib ki, hüquq-mühafizə sistemində kifayət qədər boşluqlar var ki, bunu vaxtında aşkar etmək mümkün olmayıb. İkincisi, maliyyə nəzarəti yaxşı təşkil olunmayıb. Maliyyə nəzarəti dedikdə söhbət hökumətdə tək bir qurumun digərinə nəzarətindən getmir. Söhbət həm də ictimai nəzarətdən, QHT-lərin, mətbuatın nəzarətindən gedir”- deyə,millət vəkili vurğulayıb.
Q.Həsənquliyevin fikrincə, bunların da fövqündə dayanın ölkədə güclü siyasi müxalifət olmalıdır: “Çox təəssüf ki, Azərbaycanda müxalifət dağınıq vəziyyətdədir, ölkədə proseslərə real təsir etmək, ictimai və siyasi nəzarəti həyata keçirmək imkanlarına malik deyil. Buna görə də korrupsiyaya qarşı mübarizə aparan hökumətin vəzifəsi həm də demokratik islahatları genişləndirmək olmalıdır ki, normal siyasi müxalifət formalaşsın. Bunun üçün də partiyaların maliyyələşdirilməsi bu istiqamətdə ən vacib addımlardan biridir”.
Gununsesi.info