
Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamlarla ölkədə növbəti kadr dəyişikliyi baş verib. Belə ki, Vilayət Eyvazov Daxili İşlər naziri, Əli Nağıyev isə DTX rəisi təyin edilib. Gununsesi.org xəbər verir ki, hər iki şəxs ictimaiyyət arasında kifayət qədər tanınır.
Eyvazov Vilayət Süleyman oğlu
1968-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. 1994-cü ilin noyabr ayından Daxili İşlər Orqanlarında xidmət edir. Daxili İşlər Orqanlarında fəaliyyətə polis nəfəri kimi başlayıb, cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət edib, DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illər ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləyib.
2005-ci ildən Daxili İşlər nazirinin müavini, 2016-cı ildən isə nazirin birinci müavini təyin olunub. Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində səmərəli fəaliyyətinə görə “Azərbaycan Bayrağı”, 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri və “İgidliyə görə” medalı ilə təltif olunub.
V. Eyvazova 2006-cı ildə polis general-leytenantı ali xüsusi rütbəsi verilib.
Ailəlidir. Üç övladı var.
Nağıyev Əli Nağı oğlu
1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub.
Nağıyev Əli Nağı oğlu 2005-2011-ci illərdə Milli Təhlükəsizlik nazirinin müavini, 2011-2019-cu illərdə isə Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini vəzifələrində çalışıb.
Prezident İlham Əliyevin 27 mart 2006-cı il tarixində imzaladığı sərəncamla general-mayor hərbi rütbəsi verilib.