“Dövlət Departamentinin hesabatı qeyri-obyektivdir” - Zahid Oruc

  • By admin
  • 18 May 2023 14:22
ABŞ Dövlət Departamenti nəzdində Beynəlxalq Dini Etiqad Azadlığı Komitəsi (USCIRF) illik hesabat dərc edib. Hesabatda Qarabağda erməni dini abidələrinin məhv edilməsi təhlükəsindən bəhs edilir.
Hesabat müəllifləri ABŞ hökumətinin Qarabağdakı dini obyektlərin bərpası və qorunması üçün USAİD-ə və ABŞ-ın Bakıdakı səfirliyinə vəsait ayırmasını təklif edirlər.
Sputnik Azərbaycan yayılan hesabatla bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc fikirlərini öyrənib.
ABŞ Dövlət Departamentinin hesabatını obyektiv saymaq olmaz
Millət vəkili bildirib ki, departamentin hesabatlarında onilliklər ərzində viranəyə çevrilmiş yeddi rayon, oradakı dini abidələr, mədəni irs, regional və milli miqyasda əhəmiyyət kəsb edən sərvətlərin taleyindən narahatlıqlar ifadə olunmayıb.
Onun sözlərinə görə, Departamentin hesabatı qərəzli, siyasi mənafelər güdən formada özünü göstərir və onu obyektiv saymaq olmaz: “Azərbaycan hansısa etnik qrupun mövcud olduğu əraziyə nə vaxtsa səlib yürüşü həyata keçirməyib. Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycan çoxmillətli və çoxkonfensiyalı məkandır. Burada yəhudilər də, ruslar da, o cümlədən digər millətlər də öz dini etiqadlarını sərbəst şəkildə həyata keçirə bilirlər. Belə olan şəraitdə erməni əli ilə inşa olunmuş hansısa kilsənin dağıdılmasından söhbət gedə bilməz. Ola bilər ki, ağır hərbi əmiliyyatların gedişində ayrı-ayrı fərdlər tərəfindən hansısa xaçqara və dini simvola xoşagəlməz davranışı olub. Amma bu heç vaxt Azərbaycanın dövlət siyasəti olmayıb”.
Ermənistan tərəfi kilsəni əməliyyatlar meydanına çevirməyə çalışırdı
Millət vəkili 44 günlük Vətən Müharibəsi dövündə baş verənlərə diqqət çəkib: “Biz hərbi əməliyyat şəraitində gördük ki, Ermənistan tərəfi kilsəni əməliyyatlar meydanına, səngərə, siyasi bəyanatların məkanına çevirməyə çalışırdı: “Azərbaycan qəti şəkildə hansısa etnik qrupun mənsub olduğu dinlə, milli köklə savaşmır. Bunlar əsassız iddialardır. Biz bilirik ki, çoxmillətlilik fayda gətirir, cəmiyyətdə həyatı daha rəngarəng edir, rəqabət mühiti yaradır. Bu həm də tarixi kodların qoruyub saxlanması üçün önəmlidir. Ona görə də ermənilərin özlərini sülh içində hiss edə biləcəkləri məkan varsa, Xankəndi və Xocavənddir. Ancaq Azərbaycan bayrağı altında”.
Ermənilərə verilmiş bayraqlar, dini obyektlər saxtalaşdırmaya xidmət edib
“İndiyə qədər ermənilərə verilmiş bayraqlar, dini obyektlər saxtalaşdırmaya xidmət edib. Onlar kilsələri dini ibadətgahlar əvəzinə azərbaycanlı varlığını silib yox etmək üçün istifadə ediblər. Bununla yanaşı ornomentləri dəyişərək erməniləşdirmə xəttini yürüdüblər. Biz hələki burada Ermənistan tərəfindən 65 məscidin dağıdılması faktından danışmadıq. Ona görə də departament son otuz ildə hər il davamlı olaraq Ermənistanı və Qarabağdakı separatçıları ittiham edib, qınasaydı müəyyən bir obyektiv mənzərə yaratdığını göstərərdi. İndiki halda nə cür ki, UNESCO bir xarici siyasi alətinə çevirlib, təəssüflər olsun ki, departamentin də hesabatları belə tendensiyalıdır, qeyri-obyektivdir, siyasi maraq güdülür, geopolitik mənafelərə xidmət edir, tərəf tutulur, ayrı bir dövlətin və millətin Azərbaycan əleyhinə qaldırılmasını təşviq edən, anti-Azərbaycan mövqeyinə xidmət edən addım kimi təzahür edir. Biz əsla belə bir mövqe tutmuruq ki, danışıqlara dialoqa hazır deyilik. Biz həm ərazilərimizdə məskunlaşmış ermənilərlə, o cümlədən departamentin bu sənədləri hazırlayan qüvvələri ilə danışmağa hazırıq”, – deyə millət vəkili fikirlərini yekunlaşdırıb.
Gununsesi.info