Dövlət itthamçısı Tofiq Yaqubluya 4 il 6 ay həbs istəyib

  • By admin
  • 02 Sentyabr 2020 09:50

Sentyabrın 1-də Bakının Nizami rayon Məhkəməsində Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının funksioneri Tofiq Yaqublunun işi üzrə proses davam edib.

Gununsesi.info xəbər verir ki, bu günki prosesdə dövlət itthamçısı məhkəmədən Tofiq Yaqubluya 4 il 6 ay(ciddi rejim) həbs istəyib.

Məhkəmədən sonra jurnalistlərə açılama verən Tofiq Yaqublunun qızı Nigar Həzi indiyədək məhkəmə istintaqında heç bir vəsatətin təmin olunmadığını deyib.

“Bütün bunlara görə cavab verəcəksiniz,” o qəzəbini belə ifadə edib.

Nigar Həzi deyib ki, sentyabrın 2-də Tofiq Yaqubluya hökm oxunacaq.

Bu il martın 22-də Tofiq Yaqublunun salonunda olduğu park edilmiş avtomobili Elxan Cəbrayılovun idarə etdiyi avtomobil vurub. Bundan sonra Cəbrayılov Yaqublu ilə dalaşmağa başlayıb, qəzada onu ittiham edib.

Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq) maddəsi ilə Tofiq Yaqubluya qarşı cinayət işi açılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.

Yaqublu özü və həmkarları baş verənləri sosial şəbəkələrdə hökuməti tənqid etdiyinə görə müxalifətçini mühakimə etmək məqsədilə törədilmiş təxribat adlandırıb. Beynəlxalq hüquq-müdafiə təşkilatları Yaqublunun həbsini qınayıb.

Yaqublu bundan öncə 2013-cü ildə İsmayıllıda iğtişaşlara təhrik etmə ittihamı ilə üç il müddətinə həbs edilib.

Gununsesi.info