Dövlət Komitəsində “Tanrı yoxuşu” kitabının təqdimatı keçirilib - FOTOLAR

  • By admin
  • 20 Aprel 2022 13:37

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində araşdırmaçı-jurnalist Elxan Salahovun Kəlbəcərdə mühasirədə qalanların həyat mücadiləsinə həsr etdiyi “Tanrı yoxuşu” kitabının təqdimatı keçirilib.

Tədbirdə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Milli Məclisin deputatı Mahir Abbaszadə, komitə yanında İctimai Şuranın üzvləri, Kəlbəcər ictimaiyyətinin nümayəndələri, hadisə şahidləri iştirak edib.

Əvvəlcə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində Kəlbəcər rayonunun əsas hissəsinin döyüş əməliyyatları aparılmadan işğaldan azad edildiyini xatırladan komitə sədri rayon ərazisində ermənilərin törətdikləri hərbi cinayətlərin heç vaxt unudulmayacağını, həmin cinayətlərə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsinin vacibliyini bildirib. Dövlətmizin başçısının tapşırığı əsasında, bu istiqamətdə lazımi işlərin aparıldığı, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun mühüm layihələr həyata keçirdiyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, 1992-ci il və 1993-cü illərdə Kəlbəcərin Ağdaban və Başlıbel kəndlərində, həmçinin “Tunel” və Meydançay adlanan ərazilərində qətliamlar baş verib. Yüzlərlə insan girov götürülüb və ağır işgəncələrə məruz qalıb. Diqqətə çatdırılıb ki, Ermənistanın hərbi cinayətləri barədə hazırlanmış materiallar xarici dillərə də tərcümə olunmaqla, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır.
“Tanrı yoxuşu” kitabının müəllifi Elxan Salahovun Kəlbəcər rayonunun Başlıbel kəndindən məcburi köçkün olduğu, peşəkar jurnalist kimi ölkəmizin media mühitində yaxşı tanındığı bildirilib. Kitabın tarixi əhəmiyyət daşıdığı, gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacağı qeyd olunub. Müəllifin bundan əvvəl Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha” kitabının da geniş əks-səda doğurduğu xatırladılıb.
Elxan Salahov tədbirdə çıxış edərək, kitabın təqdimatının təşkilinə, həmçinin Başlıbel qətliamında şəhid olanların ailə üzvlərinin, hadisə şahidlərinin işğaldan azad olunmuş Kəlbəcər rayonuna səfərlərinin dəstəklənməsinə görə Dövlət Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib.
O, kitabın məzmunu haqqında tədbir iştirakçılarına qısa məlumat verib.

Qeyd olunub ki, “Tanrı yoxuşu” amansız düşmən və sərt təbiətlə ölüm-dirim mücadiləsi aparan insanların taleyindən bəhs edir. Kitabda Azərbaycanın ərazi bütövlüyünün bərpası, Kəlbəcərin azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsi haqqında məlumat da verilib.

Tədbirdə çıxış edən Gununsesi.info xəbər portalının baş redaktoru Pərviz Həşimli jurnalist həmkarının bu təşəbbüsünü yüksək qiymətləndirib.

Onun sözlərinə gorə, bu kitabın ictimai müzakirəsinin təşkilinə dövlət dəstəyi isə xüsusi vurğulanmalıdır.

Kəlbəcərin işğalı zamanı uzun müddət mühasirədə qalan, qətlimaların şahidi olan Rizvan Rzayev, Şahlar Muradov, Elman Hacıyev, Bəxtiyar Şəbiyev, Qalib Məcnunov və Azər Qasımov çıxış ediblər. Onlar Ermənistanın törətdiyi hərbi cinayətlər, mühasirədə qaldıqları zamanı yaşadıqları çətinliklər, amansız işgəncələr, qətllər barəsində ürək ağrısı ilə danışıblar.

Azərbaycanın böyük Zəfəri, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, məcburi köçkünlərin doğma yurda qayıdışına hazırlıq barədə də ətraflı söz açılıb, Qarabağda və Şərqi Zəngəzurda yeni həyatın başlanması üçün dövlətimizin həyata keçirdiyi genişmiqyaslı işlərin fərəh hissi doğurduğu, ölkəmizin gücünün və qüdrətinin nümayişi olduğu bildirilib.

Tədbirdə Kəlbəcərdə baş vermiş müharibə cinayətlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Gununsesi.info