Dövlət Komitəsinin sədr müavini Müdafiə sahəsində təhdidlər üzrə Dialoqun 13-cü iclasında iştirak edib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov dekabrın 7-8-də İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Müdafiə sahəsində təhdidlər üzrə Dialoqun 13-cü iclasında iştirak edib. 

İclasda köçkün və vətəndaşlığı olmayan şəxslərin müdafiəsi, cəmiyyətə inteqrasiyası və problemlərinin həlli mövzusunda müzakirələr aparılıb. Dövlət Komitəsinin sədr müavini çıxışı zamanı ölkəmizdə qaçqınlıq və məcburi köçkünlük probleminin yaranmasının tarixi səbəbləri, Ermənistanın deportasiya və işğalçılıq siyasətinin ağır nəticələri, onların aradan qaldırılması üçün həyata keçirilən tədbirlər, həmçinin bu sahədə beynəlxalq təşkilatların humanitar fəaliyyəti barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, məcburi köçkünlər hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub, onların sosial problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da həssaslıqla yanaşır. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, maddi rifah halının yüksəldilməsi ilə yanaşı, müdafiəsi və cəmiyyətə inteqrasiyası da dövlətin həyata keçirdiyi tədbirlərin əsas istiqamətlərindən biri olub. 

Hazırda məcburi köçkünlərin doğma yurdlarına reinteqrasiyası tədbirlərinin icra edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, 30 ilə yaxın işğal altında saxlanılan ərazilərimiz azad edildikdən sonra məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Azərbaycan dövləti tərəfindən məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərdə müasir tələblərə cavab verən, rahat, təhlükəsiz yaşayış sahələri ilə təmin olunması üçün irimiqyaslı layihələr həyata keçirilir. Böyük Qayıdışın ilk addımı olan Zəngilan rayonunun “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulmuş Ağalı kəndində 66 ailə məskunlaşdırılıb. Digər işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması zamanı “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl zona” konspesiyalarına üstünlük verilir. Ərazilərin işğal altında saxlanıldığı dövrdə hərbi təyinatı olmayan torpaqların belə minalanmasının geri qayıdacaq əhalinin həyatı üçün təhlükə yaratdığı və qayıdış prosesini ləngitdiyi diqqətə çatdırılıb. 

Qeyd olunub ki, beynəlxalq təşkilatların dəstəyi ilə ölkəmizin üzləşdiyi bu humanitar problemin dayanıqlı həllinə nail ola bilərik və Böyük Qayıdış prosesi təmin olunar. 

Gununsesi.info