Dövlət təşkilatlarının səlahiyyəti AZALDILIR -Deputat etiraz edir

  • By admin
  • 22 Fevral 2023 13:28

Ötən gün Milli Məclisdə “Elektroenergetika haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun qəbul olunacağı təqdirdə gələcəkdə “Azərişıq” ASC elektrik enerjisi satmayacaq, qurum yalnız nəzarətlə məşğul olacaq. Bununla da elektrik enerjisi sahəsi beynəlxalq standartlara uyğunlaşdırılacaq.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin dünən keçirilən iclasında çıxış edən Energetika Nazirliyinin Hüquq şöbəsinin müdiri İbrahim Ağayev bildirib ki, qurum yalnız satış deyil, alış da edə bilməyəcək.

“Gələcəkdə “Azərişıq” yalnız bir fəaliyyətlə məşğul olacaq. Qurumda ancaq paylama funksiyası saxlanılacaq. Satış məsələsində isə rəqabət mühiti yaradılacaq. Burada satışı artıq özəl şirkətlər edəcək. Bununla da ölkədə enerji sahəsində özəl sektor üzrə rəqabət yaradılacaq”, – deyə nazirlik rəsmisi bildirib.

Yeni qanunun əhəmiyyəti və vətəndaşlar üçün faydalı olub-olmayacağı sual doğurur.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, deputat Naqif Həmzəyev Modern.az-a bildirib ki, əsas hədəf energetika sahəsində rəqabəti təmin etməkdir. Onun sözlərinə görə, gələcəkdə dövlət təşkilatları satışla deyil, əsasən nəzarətlə məşğul olacaqlar.

“Yeni qanun qüvvəyə mindikdən sonra mərhələli şəkildə islahatlar aparılacaq. Bundan sonra biz yaxın gələcəkdə enerji satışını həyata keçirən şirkətlərin yaranacağını görəcəyik. Bu da istər istəməz həm xidmətin keyfiyyətinin artırılmasına, həm də qiymətin ucuzlaşmasına gətirib çıxaracaq. Bundan başqa xarici investorların ölkəyə cəlb olunmasına da şərait yaradılacaq.

Dövlət təşkilatları müəyyən dərəcədə satış deyil, nəzarət mexanizmini həyata keçirəcək. Bu da müştəri məmnunluğunun artırılmasına şərait yaradacaq. Qanun layihəsi hələ birinci oxunuşdadır, təklif və rəylər verilirdi. Növbəti oxunuşlarda dəyişiklikləri görə bilərik. Ümumilikdə qanun layihəsi vətəndaş məmnunluğunun təmin edilməsinə, özəl sektorun inkişafına əsaslanıb”, – deyə deputat vurğulayıb.

Gununsesi.info