Dövlətin 150 milyon manatı hara getdi? – Milli Məclis üzvündən alimlərə sual

Dövlət başçısının fərmanı ilə ölkəmizdə elm sahəsində islahatlara böyük start verilib. Sovetdən qalma, yaradılmasında məqsədi və məramı tamamılə fərqli olan bir qurumun və sahənin inkişaf etdirilməsi, qalib Azərbaycanın gələcək strateji maraqlarına xidmət etməsi günümüzün əsas tələbidir və dövlət artıq səmərəli islahat prosseslərinə başlayıb.

Tədqiqat, kəşf, ixtira çox mürəkkəb bir sahədir. Müasir dövrdə hər ölkə bunu özünə rəva görə bilmir, çünki bu prosses çox ciddi maliyyə mənbələri tələb edir. Elm sahəsi getdikcə daha çox kommersiyalaşır və özəl sahənin investisiyası ağırlıq təşkil edir. Alimlər də getdikcə daha çox özəl sektorda işləməyə, tədqiqatlar aparmağa üstünlük verirlər. Məsələn, ABŞ-da NASA daim alimlərinin SPACEX şirkətinə (İlon Mask) keçdiklərini qeyd edirlər.

Bəs dünyada elmə baxış necədir? 2016-ci ildə müxtəlif ölkələrdən 270 alim (professor, laboratoriya rəhbərləri, tədqiqatçılar və s.) arasında sorğu aparılıb və onlara belə bir sualla müraciət olunub: “Əgər siz elmin bugünkü fəaliyyətində bir şeyi dəyişmək istəsəydiniz, o nə olardı?”

Sorğunun nəticəsi olaraq bu gün dünyada elmin inkişafında qarşılaşdığl 7 əsas çağrış müəyyən edilib:

1. Akademiyaların ciddi maliyyə problemləri var

2. Həddindən çox tədqiqatlar pis aparılır

3. Nəticələrin təkrarlanması vacib olsa da az hallarda müşahidə olunur

4. Ekspert qiymətləndirməsi pozulur

5. Elm həddindən artıq “pul divar”larının arxasında qalıb

6. Elmin kommunikasiyası çox zəifdir

7. Gənc alimlərin həyatı çox streslidir.

Nəticə: bütün bunlara baxmayaraq, elm məhvə məhkum deyil.

Elmi proses ideal formada zərifdir: “sual vermək, problemi qoymaq, obyektiv test etmək və cavab almaq. Dəfələrlə təkrarlamaq”.

Hazırda elm nadir hallarda belə ideal üçün tətbiq olunur. Lakin zamanında məsələn, Kopernik bu ideala inanaraq kəşflər etdi. Aya enişi işləyən raket alimləri də belə etdilər və həmən ideala xidmət etdilər…

Bu gün alimlərin uğuru çox vaxt suallarının keyfiyyəti və ya metodlarının sərtliyi ilə ölçülmür. Bunun əvəzinə, nə qədər qrant pulu qazandıqları, dərc etdikləri tədqiqatların sayı və nəticələrini ictimaiyyətə göstərmək üçün necə səy göstərməkləri ilə ölçülür.

Con Horqan “Elmin sonu” (The end of science) kitabında yazır ki, “elm adamlarının işi təfsir deyil, empirik kainatda mövcud olanların sadə izahıdır. Lakin elm özü öz gücünə məhdudiyyətlər qoymağa davam edir”

Bəs biz nə etməliyik? Aparılan müşahidələr göstərir ki, bizim alimə, elmə yanaşmamız daha çox sovetdən qalma ənənələrə söykənir (elmi adlar, elmi işlər və s). Bir çox elmi tədqiqat institutlarının da missiyası və vəzifələri sovet dövlətinin missiyasına sadiq qalıb və dəyişməyib.

Təbii ki, sovet dönəmində elmin inkişafında bir çox uğurlar əldə edilmişdir, amma zaman və siyasi konfiqurasiya dəyişdiyindən missiya və strategiyada da dəyişikliklərin edilməsi zəruridir. Böyük və böyük olmayan ölkələrin elmi strategiyası fərqli olmalıdır. Biz hər il dövlət büdcəsindən elm sahəsinə orta hesabla 150 milyon manat ayırsaq da, nəticəlilik, iqtisadi və sosial inkişafa elmin təsiri barədə həm ekspert dairələrində, həm də cəmiyyətdə ciddi suallar vardır.

Fikrimcə, elmin və alimin fəaliyyəti Azərbaycan Respublikasının strateji inkişaf hədəfləri ilə, iqtisadi proqnozları ilə ahəng olmalıdır. Hesab edirəm ki, biz ilk növbədə alimdən, elmdən nə gözləyirik, nə istəyirik sualına cavab taparaq, bu istəklərimizə uyğun elm sahələrinin inkişafına nail olmalı və maliyyələşdirməliyik. Dövlət və özəl sektor, cəmiyyət olaraq elmə sifarişi ümumi olsa da formalaşdırmalıyıq.

Bütün sahələri maliyyələşdirmək artıq müasir iqtisadiyyatda səmərəsiz və imkansız sayılır. Yəni, məsələn, biz yaxın 50 ildə Aya uçmağı planlaşdırmırıqsa, kosmik gəmi inşa etməyi və kosmonaft hazırlamağı maliyyələşdirməyin iqtisadi effekti olmayacaq. Əksinə, qeyri-neft sektorunun, kimya sənayesinin inkişafında elmin artırıcı təsirinə nail olmaq üçün hər cür imkandan istifadə etmək lazımdır.

Hesab edirəm ki, dövlət başçısının fərmanına uyğun olaraq elmin, alimin inkişafı ölkənin iqtisadi və sosial tələbatı və imkanları ilə uyğunlaşdırılacaq. Hədəfdən maliyyələşməyə və fəaliyyətə döğru gedərək biz ciddi nəticə əldə edə biləcəyik.

Tahir Mirkişili,

Milli Məclisin deputatı

Gununsesi.info