Dövlətin sahib çıxdığı balaca Cahid sağalır

  • By admin
  • 19 İyul 2021 10:20

Anası Səadət Xasməmmədova və onun qeyri-rəsmi münasibətdə yaşadığı Kamran Tağıyev tərəfindən zorakılığa məruz qalan 2016-cı il təvəllüdlü Cahid Abdulovun vəziyyəti yaxşıya doğru gedir.

Gununsesi.info xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

T. Mərdanoğlunun sözlərinə görə, məsələ barədə hüquq mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir:

“Azyaşlının səhhəti, təhlükəsizliyi dövlət qurumları rəsmilərinin birbaşa nəzarətindədir”.

T. Mərdanoğlu Cahid Abdulovun hələ də xəstəxanada olduğunu qeyd edib.

Qeyd edək ki, 1996-cı il təvəllüdlü Səadət Xasməmmədova qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı 1995-ci il təvəllüdlü Kamran Tağıyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin mart-iyun ayları ərzində, sonuncu dəfə isə 13 iyul 2021-ci ildə yaşadıqları evdə narkotik vasitələrin təsiri altına düşərək səbəbsiz yerə aşkar surətdə yetkinlik yaşına çatmayan 2016-cı il təvəllüdlü S.Xasməmmədovanın doğma oğlu Cahid Abdulova güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab veriblər.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə – təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Xəzər rayon polis idarəsinin İstintaq şöbəsinə göndərilib.

Səadət Xasməmmədova və Kamran Tağıyev cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılmaqla istintaqa cəlb edilib.

Gununsesi.info