Döyüş təxirə salınır?

Neçə gündür əməlli-başlı diplomatik müharibə gedir. Deyilənlərə görə, bizimkilər Qarabağda və Ermənistanla şərti sərhəddə ordu cəmləşdiriblər.

Ermənistan və Qarabağdakı irredentist xunta döyüş mövqelərinə xeyli qüvvə cəmləşdirib. Havada döyüş qoxusu var. Amma bu gün Xankəndi xuntası Ağdam yolundan Rusiyanın göndərdiyi 1 TIR qida mallarını qəbul etməyə razılıq verdi. Ortalıq bir az sakitləşdi.

İndi Ermənistan tərəfi artıq 1 aydır Laçın keçid məntəqəsinə yığdığı TIR-ların da keçməsini gözləyir. Guya, anlaşma belə imiş. Bu sirkə artıq bir son vermək lazımdır! Laçın məntəqəsinə yığılan bütün mallar ancaq müvafiq gömrük nəzarətindən sonra buraxıla bilər.

Azərbaycanın digər Gömrük qapılarından Stenaparket, Zartuni və ya Zırtakert deyə təyinat nöqtələri göstərərək mal keçirə bilməzsiniz. Ermənistan bir müddət əvvəl sözdə tanıdığı Azərbaycan yurizdiksiyasını əməldə tanıyaraq bütün malları Azərbaycan qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirməlidir!

Ermənistanın bunu edəcəyinə inanmıram. Sözün açığı, sabah Rusiyadan gələn qida yükünün də keçiriləcəyinə yüz faiz ehtimal verə bilmərəm. Döyüş, təəssüf ki, hələ təxirə salınmır.

Demokrat deyə bilinən Paşinyan Gömrük bəyannaməsinə Xankəndi yazmaq istəmir deyə qan tökməyə hazır görünür. Demokratiyalar müharibə eləməz deyə kim demişdi orada?!

 

 

 

 

 

 

Vasif İsmayıl

Gununsesi.info