Drezdendə Azərbaycana həsr olunmuş fotosərgi açılıb

Almaniyanın Dresden şəhərində “Heydər Əliyev İli” çərçivəsində fotosərginin açılış mərasimi keçirilib.

“İpək yolu Azərbaycan” (“Seidenstrasse-Aserbaidschan”) cəmiyyətinin təşkilatçılığı, Azərbaycanın Almaniyadakı səfirliyinin, Drezdendəki “House of Resources” təşkilatının və “Ukraina evinin” birgə dəstəyi ilə ərsəyə gələn sərgidə Azərbaycan rəssamlarının təsviri sənət əsərlərini, ölkəmizin əsrarəngiz təbiətini, tarixi, mədəni, dini irsini və adət-ənələrini əks etdirən fotoşəkillər nümayiş etdirilib.

Tədbir iştirakçılarını salamlayan çəmiyyətin sədrləri Alseyin Babayev və Yuliana Şneyderman qonaqlara Heydər Əliyevin mədəniyyət və incəsənətə həssas münasibəti, qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycanın dinamik inkişafı, ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq mühiti barədə ətraflı məlumat veriblər. Azərbaycanın rəssamlıq məktəbinin korifey sənətkarları Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Böyükağa Mirzəzadə, müasir dövrün tanınmış rəssamları Sakit Məmmədov, Altay Sadıqzadə və digərlərinin yaradıcılığına diqqəti cəlb ediblər.

Tədbirin gedişində Azərbaycana həsr olunmuş sənədli filmlərdən fraqmentlər nümayiş olunub və dahi bəstəkarımız Üzeyir Hacıbəyovun “Sevgili canan” romansı ifa edilib.

Sərginin nümayişi bir ay davam edəcək.

 

Gununsesi.info